İlqar Məmmədov sənədə imza atmamasına aydınlıq gətirdi

“İndiki halda başqa şeyləri müzakirə etmək səmərəsizdir, faydasızdır”



"Biz mövqeyimizi bəyan etmişik. Mövqeyimiz ondan ibarət idi ki, seçki məcəlləsinə dəyişiklik zəruridir. Bu proses 2013-cü ilə qədər həyata keçirilməli idi. Ötən il keçirdiyimiz bir neçə görüşdə də bu məsələyə toxunmuşduq. Çalışırdıq ki, 2013-cü ilə qədər seçki məcəlləsində dəyişikliyə nail olaq".

Bu sözləri AzNews.az-a "ReAl" Hərəkatının sədri İlqar Məmmədov Seçki Məcəlləsində dəyişiklər edilməsini nəzərdə tutan sənədi imzalamamasının səbəblərini açıqlayarkən deyib. ReAl sədri qeyd edib ki, istər müxalifət, istərsə də hökumət bu il seçki məcəlləsi ilə baş qatmamalıdır:

"Bu il seçki məcəlləsinin müsbət və mənfi tərəflərini nəzərə alaraq seçkilərə hazırlaşmaq lazımdır. İndiki halda başqa şeyləri müzakirə etmək səmərəsizdir, faydasızdır. Seçkilər ərəfəsində bu cür müzakirələr müxalifətin diqqətini əsas siyasi işlərdən yayındırır. Buna görə də biz bu işə qoşulmayacağıq".

Qeyd edək ki, Seçki Məcəlləsində dəyişikləri nəzərdə tutan sənədi 70-dən çox partiya və QHT təmsilçiləri imzalayıblar. Memorandumun təşkilatçıları sənədin sürətini ReAl sədrinə göndərsələr də, cavab gəlməyib.

İlkin
AzNews.az