“Bu, ən qəddar, ən əxlaqsız müharibədir” - Deputat

Avropa Şurası Parlament Assambleyası və digər bu kimi Avropa strukturları əslində Qərb imperializminin milli dövlətlərə təzyiq, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir. Zahirən insan hüquq və azadlıqları kimi qlobal dəyərləri müdafiə edirlər. Amma əsas məqsəd imperializmin maraqlarına xidmətdir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları, həmçinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, AŞ PA-nın yaz sessiyasının aprelin 25-də keçirilən iclasında Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədə qərar qəbul olunub. Ədalətsiz və qərəzli yanaşmanın nəticəsi kimi meydana çıxan bu qərar AŞPA-da islamafob meyllərin qalib gəldiyndəni, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığınından xəbər verir. Təcrübə də göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

Məhz bu baxımdan Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidirlər. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.

H.Babaoğlunun sözlərinə görə, mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu tip qurumlara cəlb edilir və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür: “Bu mərhələdə öz məqsədlərinə çatmaq üçün, yəni dövlətləri öz istəklərinə uyğun şəkildə idarə, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır. Bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir. Əgər konkret ifadə etməyə çalışsaq, deməliyik ki, Avropa Birliyinin bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror aparır. Onlara belə demək mümkündürsə, “insan hüquq və azadlıqları silahı” ilə hücum edir. Yaxın Şərqdə başlatdığı idarə olunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışır. Bu hibrid müharibə növü Qərb imperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir. Bu müharibə idarə olunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri ilə öz qurduqları dövləti yıxmağına əsaslanır. Bundan sonra isə həmin dövlət həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir”.

Deputat bildirib ki, ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna çevirməyə hesablanmışdı. Ancaq türk xalqı “köhnə qitə”nin bu hiyləsinə aldanmadı: “Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir”.

Müsahibimiz qeyd edib ki, belə şantajlara Azərbaycan da zaman-zaman məruz qalıb: “Siyasi məhbus manipulyasiyası, məşhur Ştrasser monitorinqi kimi siyasi şoular hamımızın xatirindədir. Məqsəd Azərbaycana Qarabağı unutdurmaq, işğalçı Ermənistan tərəfindən hər cür hüquqları pozulan bir milyondan çox azərbaycanlının hüquqlarının bərpasını gözardı etmək, Azərbaycanda siyasi xaos yaratmaqla milli dövlətimizi zəiflətmək idi. Hazırda eyni siyasət Türkiyəyə qarşı aparılır. Çünki Qərb imperializmi islamafob fəlsəfə ilə idarə olunur və müsəlman Şərqində apardıqları müharibə də onların gözündə növbəti səlib yürüşüdür. Bu yürüşün zəfərlə sonlanmasına isə başlıca maneə Türkiyədir. Bax, məsələnin kökündə bu dayanır. Ona görə bundan sonra da Qərb imperializminin hücumları davam edəcək. Çox mürəkkəb və həssas bir tarixi mərhələdən keçirik və çox ayıq olmalıyıq. Yeni birliklər inşa etməliyik. Türk PA, Türk Şurası kimi təşkilatlanmalarımızı gücləndirməli və birgə addımlar atmağı bacarmalıyıq. Bunu dəstəkləyən güclü iqtsadiyyat və hərbi sənaye qurmalıyıq. Əks təqdirdə Qərb imperializminin müharibə maşını bundan sonra da bir çox xalqların milli dövlətlərini əllərindən almaqda davam edəcək”.

AzNews.az