- Köhnə - Siyasət
- 1 İyun 2017 13:43
- 6 260
“Kontraktlar imzalanıb, onların müştəriləri var” - Prezident
““Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcəkdir. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq”.
AzNews.az xəbər verir ki, bunu “Şahdəniz Mərhələ 2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident qeyd edib ki, icra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir: “TANAP, TAP, Cənub Qaz Kəməri, “Şahdəniz-2” layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıbdır. Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir”.