Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Sarkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşdü

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

APA-nın verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və münaqişə zonasındakı vəziyyət müzakirə olunub.

Müzakirələr zamanı həmçinin qoşunların təmas xəttindəki son insidentlərə toxunulub.

Görüşdə münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasına dair üzərilərinə götürdükləri öhdəliklərin və yüksək səviyyədə əldə olunan razılaşmaların icrasının vacibliyi qeyd olunub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

AzNews.az