- Dünyanın halı
- 12:35
- 897
Əraqçi ABŞ-la yekun razılaşma üzrə danışıqların iyunun 19-da başlayacağını bildirib
Cümə günü İran və ABŞ arasında yekun sazişə nail olunması üçün yeni danışıqlar mərhələsi başlayacaq
Aznews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda akkreditə olunmuş səfirlərin, müvəqqəti işlər vəkillərinin, xarici və beynəlxalq nümayəndəlik rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə deyib.
Əraqçi xarici siyasətdəki son proseslər, o cümlədən İran və ABŞ arasında müharibənin başa çatdırılmasına dair İslamabad memorandumunun detalları barədə məlumat verib.
XİN rəhbəri bildirib ki, cümə günü İran və ABŞ arasında yekun sazişə nail olunması məqsədilə yeni danışıqlar mərhələsi başlanacaq.
O qeyd edib ki, üç ay davam edən danışıqlardan sonra tərəflər birinci mərhələni yekunlaşdıra biliblər.
Əraqçinin sözlərinə görə, birinci mərhələnin ən mühüm nəticəsi müharibənin başa çatdığının elan edilməsidir:
“Qəbul etdiyimiz qərara əsasən, Tehran vaxtı ilə bazar ertəsi səhər razılaşma yekunlaşdıqdan sonra müharibənin başa çatdığı elan olundu. Lakin memorandumun rəsmi qüvvəyə minməsi cümə günündən etibarən baş tutacaq”.
Əraqçi əlavə edib ki, müharibənin başa çatması Livanı da əhatə edəcək.
Həmçinin, rəsmi Tehranın memorandumun tərəfləri kimi bir tərəfdə ABŞ və İsraili, digər tərəfdə isə İran və Hizbullahı gördüyü vurğulanıb.
Əraqçi Livanda müharibənin başa çatmasını ümumi müharibənin dayandırılmasının ayrılmaz hissəsi hesab edildiyini deyib.
“Müharibənin sonlanması işğalın bitməsini da ehtiva edir və İsrail qüvvələri işğal etdikləri ərazilərdən geri çəkilməyənədək müharibə tam başa çatmış hesab edilə bilməz”
İranın xarici işlər naziri bəyan edib ki, bundan sonra İsrailin Livana qarşı həyata keçirəcəyi istənilən hərbi əməliyyat və Livan ərazilərinin işğalının davam etdirilməsi Tehran tərəfindən memorandumun pozulması kimi qiymətləndiriləcək.