Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər.

“Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər” - İlham Əliyev

Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Prezident İlham Əliyev bildirib: "Beləliklə, tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olmuşdur. 1970-ci ildə cəmi 14 min hektarda tütün əkilirdisə, Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə bu, 18 min hektara çatmışdır. 1990-cı ildə isə 14 minə düşmüşdür. Ondan sonra da düşmə əmsalı daha sürətlə getmişdir. 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilmişdir. Tədricən biz əkin sahələrini artıra bildik. Xüsusilə 2016-cı ildə 2400 hektarda və 2017-ci ildə 3200 hektarda tütün əkilmişdir. Əlbəttə ki, mən növbəti illərdə planlarımızın nədən ibarət olduğunu deyəcəyəm.

O ki qaldı, tütün istehsalına, 1970-ci ildə 24 min ton istehsal olunmuşdur, 1980-ci ildə isə 57 min ton. Yəni, iki dəfədən çox tütün istehsal edilmişdir. 2015-ci ildə, - mən bunu giriş sözümdə qeyd etdim, - biz tütünçülüyü demək olar ki, itirirdik. 2015-ci ildə cəmi üç rayonda tütün əkilmişdir - Şəki, Zaqatala və Qax rayonlarında. Bu gün 13 rayonda tütün əkilir. Əgər 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu, 843 hektara çatmışdır. Zaqatalada əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılmışdır. Hazırda 3200 hektarda tütün əkilir".

Dövlət başçısı qeyd edib ki, növbəti illərdə əkin sahələrini genişləndirmək lazımdır: "Bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə, bu sahəyə xüsusi diqqət göstərilməlidir.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə tütünçülüyün inkişafı üçün xüsusi bir plan tərtib edilməlidir. Burada da bu təklif səsləndi ki, bizdə qəbul məntəqələri və qurutma kameraları lazımi səviyyədə deyil. Yəqin bunun da səbəbi ondan ibarətdir ki, - mən də bunu qeyd etdim, - iki il bundan əvvəl cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə 13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə, hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları olmalıdır. Dövlət öz dəstəyini göstərməyə hazırdır. Mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Prezident Administrasiyasına tapşırıram ki, bu məsələ ilə məşğul olsunlar, bu kameralar tezliklə alınsın.

Dünən bir qəbul məntəqəsində olarkən mənə məlumat verildi ki, hətta biz bu kameraları Azərbaycanda da istehsal edə bilərik. Hesab edirəm ki, bu, mümkündür, burada heç bir çətin məsələ yoxdur. Əgər mümkündürsə, bunun yəqin ki, texnoloji xüsusiyyətləri var. Tezliklə bu istehsal sahələri yaradılmalıdır. Çünki mənə dünən verilən məlumata görə, tütünün xüsusiyyəti ondan ibarətdir ki, onu uzaq məsafəyə daşımaq çətindir və keyfiyyət itir. Ona görə, tütünçülüklə məşğul olan hər bir rayonda qəbul məntəqələri, qurutma kameraları tezliklə təmin edilməlidir.

Dünən tütün fabrikinin işi ilə tanış olarkən gördüm ki, orada yeni avadanlıq quraşdırılıb. İndi bu fabrik tam istehsal tsiklini özündə ehtiva edir. Belə olan halda, bizim ixrac imkanlarımız da artacaq. Biz həm xam tütün, həm də hazır tütün ixrac edirik və ixracın coğrafiyasını genişləndirməliyik.

Mən bir neçə həmkarımla - xaricdən tütün idxal edən ölkələrin başçıları ilə görüşlər əsnasında bu məsələni qaldırmışdım ki, bu ölkələr tütünü Azərbaycandan alsınlar. Bu da artıq öz nəticəsini verir. Bizim ixrac coğrafiyamız artır. Bizim tütünümüz keyfiyyətlidir. Ona görə, hesab edirəm, biz növbəti illərdə artan istehsalı gərək indidən planlaşdıraq ki, bunu hansı bazarlara ixrac edək".

Prezident İlham Əliyev bildirib: "Əlbəttə, əsas vəzifələrdən biri də odur ki, Azərbaycanda siqaret istehsalı daha da artsın. Mən bunu əvvəllər də demişəm, bu gün də deyirəm, biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. Çünki bu, zərərli vərdişdir və insanın sağlamlığına çox böyük təhlükələr, problemlər yaradır. Ona görə, müvafiq tədbirlər görüləcək ki, Azərbaycan vətəndaşları bu vərdişdən tədricən əl çəksinlər. Ancaq bu gün Azərbaycanda siqaret istehlakı var. Mənə verilən məlumata görə, Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir və bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta gedir. Ona görə, biz daxili bazarı təmin etmək və xüsusilə xarici bazarlara çıxmaq üçün tezliklə Azərbaycanda siqaret istehsalını inkişaf etdirməliyik. İlk növbədə, daxili bazar idxaldan asılı olmamalıdır ki, valyuta ölkədən getməsin və ondan sonra biz ixrac məsələləri ilə də məşğul olacağıq".

Dövlət başçısı deyib ki, mövcud siqaret fabriklərinin gücü artırılmalıdır: "Bizdə o qədər də çox siqaret fabriki yoxdur. Hesab edirəm ki, yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabrikləri də yaradılmalıdır. Elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Onların iqlim şəraiti buna imkan vermir. Ancaq orada bir neçə siqaret fabriki var. Onlar xam tütünü bizdən alır, siqaret istehsal edir və sonra bizə satırlar. Yəni, bu, onu göstərir ki, bu, çox gəlirli sahədir. Onsuz da biz bilirdik ki, gəlirli sahədir. Xüsusilə nəzərə alsaq ki, bizim öz tütünümüz var, bu sahənin gəlirliliyi daha da artacaq. Ona görə, dövlət öz dəstəyini göstərir. Bu sahəyə çox ciddi təkan verilir, bütün lazımi avadanlıq, qəbul məntəqələri, texnika, hamısı təmin ediləcəkdir. Elə etməliyik ki, son məhsula qədər bu istehsal Azərbaycanda təmin edilsin".

Azərbaycan Prezidenti vurğulayıb ki, 2021-ci ilə qədər tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir: "İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olsunlar. Belə olan halda, əgər biz orta məhsuldarlığı 2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəmizə böyük xeyir gətirəcək, valyutamız xaricə getməyəcək, əksinə, ixrac imkanlarımız da yarana bilər.

Tütünçülüyün inkişafına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Proqram demək olar ki, hazırdır. Bu gün səslənən fikirlər və mənim səfərim nəticəsində apardığım müşahidələr də o proqrama əlavə olunaraq tezliklə qəbul ediləcək. Bu proqramın qəbulu bir daha onu göstərir ki, dövlət bu sahəyə çox ciddi fikir verir".

AzNews.az