“Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir” - Prezident

“Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir. Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır, işğal altında olan Ağdam şəhərini təmsil edir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır”.

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşdə deyib. Dövlət başçısı bunun sadəcə olaraq idman qələbəsi yox, dövlətimizin, Azərbaycan gəncliyinin qələbəsi olduğunu bildirib: “Biz döyüş meydanlarında, idman meydanlarında da qələbə qazanırıq. Necə ki, ötən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqların bir hissəsini işğalçılardan azad ediblər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilən torpaqlara qayıdıb, qururlar, yaradırlar, yaşayırlar. Bu torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinir və fəxr edir ki, ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub".

Prezident qeyd edib ki, Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edir: “Bu da onu göstərir ki, Azərbaycan xalqı işğalla barışmayacaq və biz öz torpağımızda yaşayırıq. Hamı da torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayır. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır”.

.