- Köhnə - Siyasət
- 1 Noyabr 2017 16:33
- 8 700
"İran Ermənistanla bağlı siyasətinə düzəliş etməli olacaq"
Azərbaycan regionda açar rolunu oynayan bir dövlət halına gəlib.
Prezident İlham Əliyevin İrana rəsmi səfərini AzNews.az-a şərh edən politoloq Qabil Hüseynli Tehranda keçirilən üçtərəfli görüşü tarixi əhəmiyyəti olan bir məsələ dəyərləndirir. Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında aparılan müzakirələrin mərkəzində "Şimal-Cənub" dəmiryol layihəsi olacağını vurğulayan politoloq Xəzərin statusunun da müzakirə olunacağını bildirir:
"Müzakirələr zamanı həm də Xəzər dənizinin statusu ilə bağlı məsələ gündəmə gələcək. "Şimal-Cənub" dəmiryol layihəsi "Bakı-Tiflis-Qars" kimi çox böyük layihədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionda açar rolunu oynayan bir dövlət halına gəlib. Beynəlxalq münasibətlərdə dinamik rol oynayır. Bir çox iqtisadi məsələləri həll etməkdə vasitəçi, təşəbbüskar, həm də bir çox hallarda əsas maliyyə vəsaitlərini yatırdan bir ölkə kimi çıxış edir. Bu Azərbaycanın siyasi nüfuzunun artmasına dəlalət edir. Və yaxın zamanlarda Azərbaycan öz problemlərinin həlli üçün həm də bölgənin ən nüfuzlu və aparıcı dövlətinə çevriləcəkdir".

İran prezidenti Həsən Ruhani ilə Prezident İlham Əliyevin təkbətək görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə diqqət çəkən politoloq, Azərbaycanın münaqişənin həllində İrandan dəstək almağa mənəvi haqqının olduğunu deyir:
İranla dərin tarixi və mədəni əlaqələrimiz var. Müsəlman ölkəsiyik hər ikimiz. İranın Dağlıq Qarabağ məsələsində müsəlman ölkəsi kimi haqqın tərəfində olması vacib şərtdir. Azərbaycanın da haqqıdır ki, bu məsələdə müsəlman xalqlarına müracət etsin. İran həm yaxın qonşumuz, tarixi əlaqələrimiz olan, həm də 35 milyon soydaşımızın yaşadığı bir ərazidir. Bizim mənəvi haqqımız var ki, münaqişənin həll olunması istiqamətində haqqın tərəfində durmağı tələb edək. Yəqin ki, bu məsələdə İranın mövqeyinin dəyişilməsinə nail ola biləcəyik. Çünki böyük iqtisadi layihəni həyata keçiririk və bu İran üçün də çox mənfəətlidir. Xəzərin statusu məsələsinin həllindən sonra bu münasibətlər daha da möhkəmlənəcək və çox yüksək zəminə qalxacaq. Yəqin ki, İran tərəfi özünün Ermənistanla bağlı siyasətinə düzəliş etməli olacaqdır".
Lalə Nurəddinqızı
AzNews.az