Azərbaycan qlobal səviyyədə sülh və təhlükəsizliyi dəstəkləyir - ISESCO-nun baş direktoru

"Azərbaycan region ölkələri arasında mühüm yer tutur."

AzNews.az xəbər verir ki, bunu Trend-ə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tuveycri deyib.

ISESCO-nun baş direktoru qeyd edib ki, Azərbaycan öz müdrik rəhbərliyi ilə müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edib: “Ölkə elə bir inkişaf, çiçəklənmə və sabitlik səviyyəsinə çatıb ki, bu ona Azərbaycan xalqının firavanlığına və çiçəklənməsinə xidmət edən genişmiqyaslı yenilənmə prosesinə başlayan ilk ölkələrdən olmağa imkan verib”.

Əl-Tuveycri bildirib ki, Azərbaycan bu gün öz siyasi, iqtisadi və sosial inkişaf yolu ilə irəliləyərək bütün sahələrdə yaxşı nəticələrə nail olan, eyni zamanda, dayanıqlı inkişafın müvafiq standartlarına çatmaqla öz xalqının ehtiyaclarını ödəyən ölkəyə çevrilib.

O vurğulayıb ki, Azərbaycan tolerantlıq və cəmiyyətin müxtəlif təbəqələrinin harmoniyasının unikal modelidir: “İrqindən və dinindən asılı olmayaraq, insanların birgəyaşayışı və harmoniyası ilə bütün dünyada məşhur olan bu ölkə vahid, həmrəy və interaktiv cəmiyyətin rəmzinə çevrilib”.

Baş direktor həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyin təmin olunması üzrə səylərini fəal şəkildə dəstəkləyir:

“Ölkə İslam dünyasında və ondan kənarda, o cümlədən, müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatına qoşulduğu gündən təşkilat çərçivəsində vacib rol oynayır. Bundan başqa, Azərbaycan 1991-ci ilin dekabrında Dakarda keçirilmiş VI İslam konfransında ISESCO-ya üzv seçildiyi vaxtdan bu qurumun mühüm tərəfdaşıdır”.