Azərbaycan regional sabitliyə töhfə verir - ATƏT PA-nın prezidenti

Yeni İpək Yolu boyunca sabit bir iqtisadi marşrutun mövcudluğu bütün ölkələrin ümumi məqsədidir və Azərbaycan da bunun inkişafına mühüm töhfə verib.

AzNews.az xəbər verir ki, bunu Azərbaycanın paytaxtı Bakıda keçirilən İpək Yolu Dəstək Qrupunun konfransında ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli bildirib.

13-14 mart tarixlərində baş tutan iki günlük forumun gedişində iştirak edən ATƏT Parlament Assambleyasının üzvləri İpək Yolu ilə bağlı iqtisadi, nəqliyyat və logistika infrastrukturunun qurulması üçün parlamentlər arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tsereteli bildirib ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin tərkib hissəsidir. O, əlavə edib ki, dünya iqtisadiyyatındakı vəziyyət ölkələrin mövcud problemlərə qarşı sıx əməkdaşlıq etməsini tələb edir. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərb arasında dəhlizin ideal bir nümunəsidir və bu cür layihələr ölkələr arasında iqtisadi körpülərin qurulması baxımından böyük rol oynayır.

Azərbaycan Avropa və Asiyanın kəsişməsində əsas məkan kimi öz təsirini artırmaq üçün İpək Yolu Dəstək Qrupunu yaradıb. Bu qrupun əsas rolu nəqliyyat dəhlizlərini inkişaf etdirmək, ticarət və nəqliyyat prosedurlarını asanlaşdırmaq, insanların, malların, xidmətlərin və investisiyaların azad və təhlükəsiz hərəkətini təmin etməkdir.

Yeni İpək Yolu layihəsi artıq 40 ölkəni əhatə edir və bu təşəbbüsü ilk dəfə Çin irəli sürüb.