Bütün bunlar sübut deyilmi?

1995-ci il idi. Ölkənin ən aparıcı müxalifət partiyalarından birinin, necə deyərlər, ən aparıcı simalarından biri yazı gətirmişdi. Məqalədə deyilirdi ki, Azərbaycan neytral dövlət olmalı, heç bir hərbi bloka qoşulmamalıdır. Həmin yazını mən “Müxalifət” qəzetində yerləşdirdim.

Soruşa bilərsiniz ki, indi bunu niyə xatırlayıram? Məsələ bundadır ki, hazırda Azərbaycan elə belə də siyasət yürüdür, NATO-dan da, KTMT-dan da müəyyən məsafə saxlayır və hərbi bloklara qoşulmamaq siyasəti aparır,- aprel ayında həmin təşkilatın bir tədbirinə, növbəti ildə isə digər tədbirinə ev sahibliyi etməyə hazırlaşır.

Bəli, məhz prezident İlham Əliyev hərbi bloklara münasibətdə təxminən 90 -cı illərin lap əvvəlindən başlamış qoşulmamaq siyasətini uğurla başa çatdırdı və Azərbaycanda sonuncu Rusiya hərbi bazasının– Qəbələ RLS-nin fəaliyyətinə son qoydu...

Üstəlik, Azərbaycan artıq neytral dövlət kimi böyük güclər – ABŞ və Rusiya tərəfindən də qəbul olunur, hər iki ölkənin çox yüksək çinli hərbi məmurlarının görüş yeri kimi bir neçə dəfə Bakını seçməsi buna daha bir sübutdur...

Mən yalnız bir siyasi detalı xatırlatdım. Amma müxtəlif dövrlərdə, istər Heydər Əliyevin, istərsə də İlham Əliyevin dövründə dəfələrlə bu və ya digər siyasi hadisədən, qəbul olunmuş növbəti siyasi qərardan sonra ölkə müxalifətinin birinci şəxslərinin dilindən “Düz edirlər. Gərək, vaxtında biz də belə edəydik!” sözlərini eşitmişəm...

Hətta bir neçə dəfə iradımı da bildirmişdim ki, niyə bunları açıq bir şəkildə, geniş ictimaiyyət üçün demirsiniz? Axı bu, aradakı siyasi inamsızlığı azaldar, ölkənin müxalfətilə onun hakimiyyəti arasında daha səmimi münasibətlərin yaranmasına təkan ola bilər! Onlar da da deyirdi ki, biz müxalifətik...

İndi həmin söhbətlərin üstündən xeyli keçəndən sonra düşünürük ki, problem də elə “Biz müxalifətik!” sözlərində idi. Məhz onun hirerbolizə olunmuş formada anlaşılması və yanlış yozulması ona gətirib çıxardı ki, müxalifət tamam marginallaşdı, cəmiyyət üçün tamam anlaşılmaz siyasi qrupa çevrildi.

Çünki sadə azərbaycanlılar da prosesləri öz düşücəsindən, öz süzgəclərindən keçirir və görürlər ki, müxalifət qərəzlidir, həm də real siyasətdən, dövrdən və onun siyasi tələblərindən tamamilə geri qalıb və bu gerilik zaman keçdikcə daha qabarıq olur.

Həqiqətən də müxalifətçi olmaq nə deməkdir? Adi siyasi nihilizmmi? Yoxsa elə doğrudan da hakimiyyət üçün pis olan hər şey müxalifət üçün məqbuldur?

Düşünürük ki, bizim müxalifətçilər bu sualın cavabını tapmaq üçün sadəcə, ətraflarına baxa bilərlər: beş –on adam qalıb, bəylər! Bəlkə də düşünürsünüz ki, həmin beş - on adam siyasi təqaüdə çıxana qədər sizə bəs edəcək? Amma heç olmasa, bircə dəfə də ətrafındakılarınız haqqında azacıq olsa da, düşünün – axı, onlar da insandırlar...

Bəli, eşidəndə ki, növbəti “mitinq”ə hazırlaşırlar, bütün bu fikirlər bircə - bircə gəlib keçdi beynimizdən. Yox, mən demirəm ki, etirazlarda mütləq on minlərlə adam iştirak etməlidir. Əsla. Hətta bir adam da etiraz edə bilər.

Amma kəmiyyət və reallıq siyasətçinin öz gücü və perspektivi haqqındakı subyektiv təsəvvürlərini korrektə etməlidir. Siyasətçi heç olmasa, bircə şeyi düşünməlidir ki, beş - on nəfərlə bütün cəmiyyətin adından danışmaq və ya beş-on nəfərlə böyük siyasi iddialara düşmək gülünclükdür, çünki normal insan gücünü qiymətləndirmək iqtidarında olmalıdır,- bunu yalnız dəlilər və yaxud da ağıldan kəmlər etmirlər...

Çalışırlar ki, siyasi spektrindən, Azərbaycan üçün mümkün siyasi nəticələrindən asılı olmayaraq bütün “narazıları” ətraflarında birləşdirib heç olmasa, viziul bir görüntü yaratsınlar. Beləcə, bir də görürsən ki, bir ara özünə demokrat deyənlərin ətrafında nəinki dini radikallar, hətta separatçılar peyda olur...

Sonunculara–separatçılar münasibətimiz aydındır. Ona görə də dini radikallar haqda bir -iki kəlmə demək istərdik. Yox, biz dindarları, ümumiyyətlə, sosial -siyasi cəhətdən riskli qruplara aid etmək və onları hamılıqla siyasi cəhətdən təcrid etməyə çağırmaq niyyətində deyilik, çünki hamımız bu və ya digər dərəcədə dindarıq. Bəzimiz dini ayinləri icra edir və bütün dini ritualları gözləyir, bir çoxmuz isə bunu etməsək də, hər halda, özümüzü ateist də saymırıq...

Burada söhbət sırf dini radikallardan gedir. Onlar Azərbaycan üçün hansı təhlükəni özündə ehtiva edir – zənnimizcə, bunu xırdalamağa elə bir zərurət yoxdur, regionda və hətta qlobal miqyasda gedən proseslərdə bunun təzahürlərini, acı nəticələrini görmək çətin deyil.

Həm də bizim radikal dindarların görmək istədiyi, arzuladığı Azərbaycanı bir kəndin – Nardaranın timsalında görmək imkanımız oldu. Bəli, biz buna bənzər detalları M.Cəlilin və Sabirin əsərlərindən oxumuşduq. Hətta bəziləri deyirdi ki, əşi, bu, da sovet təbliğatıdır, fikir verməyin! Yox, bircə Nardaran göstərdi ki, bu, heç də yuxu deyil, heç də “sovet təbliğatı” deyil, xalis cəhalətdir...

Elə bu səbəbdən düşünürük ki, Azərbaycan hökumətinin bu kənddə qayda-qanun yaratmağa qərar verməsi ən düzgün addımlardan biri idi, ona görə ki, bura dünyəvi Azərbaycan dövlətidir və hamı onun qanunları ilə yaşamağa borcludur.

Bəs dini radikallar bizim “müxalifə”ti nə ilə cəlb edir? Bu sualın da cavabı elə də çətin deyildir.

Müxalifət özünün beş-on nəfərlik “ordu”sunda olmayan radikallığı həmin dindarların hesabına kompensasiya etməyə çalışır. Hamı bilir ki, dini radikallar zora, qeyri -dinc üsullara daha meylli olurlar.

Amma buna dəyərmi, bəylər? Azərbaycanı sonu görünməyən məchulluğa sürükləmək deyilmi bu, bəylər? Doğrudanmı, Yaxın Şərqdə baş verənlər sizlərə görk deyil?!.

Cavablarını da bilirəm, hərçənd, onu heç vaxt geniş publika üçün demirlər. Bəli, deyəcəklər ki, biz praqmatikik və hakimiyyət üçün pis olan hər şey bizim üçün məqbul sayılır.

Olsun. Amma iki detalı unutmayaq. Hətta praqmatizm də müəyyən əxlaq çərçivəsində olanda məqbul görünür, əks təqdirdə o, satanizmdən başqa bir şey deyil.

İkincisi, sizlərə elə gəlmir ki, bütün Azərbaycan artıq gözünüzə hakimiyyət kimi görünür? Bəlkə gözlərinizi siləsiniz– axı Azərbaycanda siz də, yaxınlarınız da yaşayırsınız...

Bir İsveç alimi vardı–Nobel mükafatı laureatı H.Alven. Onun bir fikri vardı ki, hədsiz dərəcədə ekstrapolyasiya edilən elmi fikir belə absurda çevrilir. Bəli, o, bunu elmi ideyalar haqqında demişdi. İndi özünüz fikir verin: siyasətdə bu, nələrə gətirib çıxara bilər?..

Hüseynbala Səlimov