- Köhnə - Siyasət
- 20 Aprel 2018 10:13
- 8 691
Generallar yenə də Bakını seçdilər...
Dünən Bakıda Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı Kertis Skaporottinin görüşü baş tutdu.
Hər iki generalı ilk olaraq dövlət başçısı İlham Əliyev qəbul etdi, daha sonra bilavasitə generalların görüşü başlandı.
Əslində bu, indiyə qədərki ənənənin bir növ məntiqi davamı idi və generallar da bu ənənəyə sadiq qaldılar - birinci görüşü Bakıda başladıqları kimi növbəti tədbiri də burada keçirməyə qərar verdilər.
Amma bu, həm də Bakının apardığı hərbi siyasi kursa sayğının göstəricisi kimi yozulmalıdır.
Belə ki, prosesdə iki böyük dövlətin çox yüksək hərbi məmurunun iştirakı onların təmsil etdikləri dövlətlərin Bakının dünyanın hərbi-siyasi arxitekturasındakı yeri ilə hesablaşmasını təsdiq edən daha bir jest idi.
Bu qəbildən olan ilk görüş zamanı rusiyalı analitiklər və politoloqlar yazırdılar ki, Bakı çox tez zamanda Minski tamamilə əvəz edə bilər və hiss olunurdu ki, nəinki rusiyalı siyasi təhlilçilər, eləcə də müxtəlif çəkili diplomatlar və siyasətçilər də bunda maraqlıdırlar. Çünki belə görüşlərə həqiqətən inkişaf etmiş, üstəlik, illərdir ki, Mockvadan uzaqlaşıb-yaxınlaşmaqla məşğul olan Belarusdan fərqli olaraq, həm Qərblə, həm də Rusiya ilə daha müəyyən siyasət aparan Azərbaycanın sahiblik etməsi daha məntiqli görünürdü.
Bilirsiniz, bunun özü çox böyük bir irəliləyişdir və Azərbaycan siyasətinin, diplomatiyasının uğurudur. Bizim yerləşdiyimiz region elə geosiyasi arealdır ki, burada Kremlin böyük maraqları var. Üstəlik, əski sovet regionunda bəlkə də Kremlin yalnız Baltik ölkələrilə bağlı iddiası yoxdur, çünki istər-istəməz hamı barışmalı olub ki, keçmiş sovetlərin bu seqmenti artıq Avropanın ayrılmaz hissəsidir.
Amma qalan keçmiş sovet ölkələrilə bağlı bunu qəti demək olmur, Rusiya daim bu ölkələri təhdid edir, onları özünün hərbi-siyasi orbitinə cəlb cəlb etməyə, yenidən öz satellitlərinə çevirməyə çalışır.
Siyasi prosesləri çoxdan izləyən oxucular, xüsusən də orta yaşlı oxucu nəsli bu müstəvidə necə çətinliklərin yaşandığını gözəl bilir və xatırlayır.
O dövrün orta statistik vətəndaşından belə soruşsan ki, axı Kreml nə istəyirdi, nəyə çalışırdı, o, birmənalı şəkildə cavab verəcək ki, məqsəd Rusiyanın hərbi bazalarını qaytarmaq, milli sərhədlərdə rus əsgərlərini yerləşdirmək və gənc dövlətlərin xarici siyasətini, müdafiə sistemini öz maraqlarına tabe etmək idi.
Demək olmaz ki, indi bütün bunlara birdəfəlik son qoyulub və Kreml ambisiyaları ilə vidalaşıbdır. Yox, belə deyildir, sadəcə, artıq Moskva da bəzi reallıqlarla hesablaşmaq zorundadır.
Bu illər ərzində Kreml öz sərəncamındakı bütün vasitələrlə bir çox keçmiş sovet ölkələrinin əzmini qırmağa, onları təkrarən Mockva tərəfə yönəltməyə çalışdı: bu ölkələr ərazilərində böyük siyasi qarşıdurmalar, etnik münaqişələr yaşadılar, hətta ərazilərinin bir hissəsinə nəzarəti belə itirdilər, amma sınmadılar, müstəqillik yolundan dönmədilər.
İş o yerə çatmışdı ki, onların bəzisində siyasi hakimiyyətlər az qala, ilin fəsilləri kimi dəyişirdi, sabitlik əlçatmaz arzuya çevrilmişdi...
Bu cür sınaqdan çıxan ölkələrdən biri də Azərbaycan oldu: addım-addım öz müstəqil siyasətini yürütdü və Moskvada da başa düşdülər ki, bir neçə ölkə var ki, ən yaxşısı, onlarla əməkdaşlıq etməkdir. Bunlardan biri də Azərbaycandır.
Bəli, Bakı neçə illərdir ki, balanslaşdırılmış siyasət yürüdür, hərbi bloklara münasibətdə qoşulmama siyasəti aparır. Elə bu yaxınlarda Qoşulmama hərəkatının böyük bir tədbirinə ev sahibliyi də etdi. Təbii ki, bu tendensiyalar Kremldə də, Ağ Evdə də ciddi şəkildə izlənilir, diqqətlə öyrənilir.
Ona görə də generalların görüş üçün təkrar-təkrar Bakını seçməsi heç də sıradan bir hadisə deyil. Bu, çox ciddi münasibət, ən başlıcası da böyük güclərin Azərbaycana baxışının təzahürüdür.
Bəzən belə fikirlər də səslənir ki, guya Bakı həddən ziyadə ehtiyatlı siyasət aparır; NATO-ya can atan Gürcüstandan, Moldovadan və Ukraynadan fərqli olaraq “saatlarını Brüssellə tutuşdurmur” və ümumi prosesdən geri qalır.
Qətiyyən belə deyildir. Birincisi, adı çəkilən ölkələr NATO-ya üzv olmaq üçün çox böyük fədakarlıq və əzm nümayiş etdirsələr də Alyans bunun qarşılığında yetərincə soyuq davranır, onları sıralarına qəbul etməyə tələsmir, az qala, hər il əməkdaşlığın “yeni” formatını və ya tam üzv olmaq yolunda növbəti “pillə” fikirləşib tapırlar. Məqsədsə tamam başqadır: Şimali Atlantika Bloku hələ problemli Gürcüstanı, Moldovanı və Ukraynanı sıralarına qatmağa tələsmir.
Azərbaycan isə siyasətində “sıfır variantı”na üstünlük verir: NATO-dan da, KTMT-dən məsafə saxlayır, əvvəldə dediyimiz kimi, hərbi bloklara qoşulmamaq siyasəti yürüdür.
Demirik ki, Kremli bu, tamam qane edir, yox, belə deyil, amma hesablaşmaq məcburiyyətindədirlər. Budur, lap əvvəldə dediyimiz kimi, general Gerasimov özünün NATO-dakı həmkarı ilə görüşmək üçün bura – Bakıya təşrif buyurur.
Deməli, indiyədək görülən işlər, keçirilən görüşlər və yürüdülən siyasət hədər getməyibdir, çünki nəticə göz önündədir...
Hüseynbala Səlimov
AzNews.az