Paşinyanin dedikləri və demədikləri...

Ermənistandakı rusiyalı deputatlarla və eləcə də Rusiyanın Ermənistandakı səfirilə görüşlər, parlamentdəki fraksiyalarla ətraflı müzakirələr, bir çox ünvanların səbirsizliklə gözlədiyi geosiyasi məzmunlu bəyanatlar – Paşinyan bunu bir-bir etdi və hətta radikal ovqatlı erməni auditoriyasını da unutmadı: Qarabağla, Azərbaycanla bağlı sərt bəyanatlar verdi.

Bir daha aydın oldu ki, zahiri görünüşünə görə təbiətdən verilişlər hazırlayan jurnalist – naturalistləri xatırladan və çantası çiynindən heç düşməyən bu səliqəsiz görkəmli adam siyasət məsələlərində elə də səliqəsiz deyil – hamının istək və gözləntilərini nəzərə alır...

Amma bizə başqa məsələ daha maraqlı göründü. Bilirsinizmi, söhbət nədən gedir? Öz təcrübəmizdə indiyədək cəmi bir inqilabın canlı şahdi olsaq da, media vasitəsilə dünyanın digər bölgələrindəki çoxsaylı qanlı və qansız, məxməri, rəngli və rəngsiz inqilabları da izləmək imkanımız olub.

Onlar hamısı bir-birinə bənzədikləri qədər də fərqli və rəngarəng olublar: hər yerin məxsusi özəllikləri istər-istəməz inqilabi proseslərdə özünü göstəribdir.

Amma bütün inqilabların bir ümumi cəhəti var: onlar “səmimiyyət” üstündə qurulur. Düzdür, “səmimilik” də bəzən o qədər bayağı olur ki, adam hətta bundan iyrənir də. Fəqət bütün inqilablar, xüsusən də bunların özləri qədər də mürəkkəb liderləri həmişə “səmimiyyət teatrı” deyilən müstəvidə qərar tuturlar.

Bu adamların – “xalq liderləri”nin ən gözəl bədii ifadəsini hamıdan yaxşı Q.Q. Markes özünün “Yüz il tənhalıqda” romanında tapıbdır. Bir daha deyirik ki, onlar bir çox hallarda bayağı dərəcədə “səmimi”, hətta çəkindirici dərəcədə “sadə” olur, ömürlərinin axırına qədər “xalq adamı” rolunu oynayırlar.

Xarici banklarda yüz milyardlarla dollar pulu olduğu halda “çadır”da (bəlkə də həmin çadırın hətta sapları da qızıl suyuna çəkilmişdi!) yaşayan M.Qəzzafi kimilər bir yana, hətta M.Qandi olduqca sadə, irfani və ruhani həyat keçirirdi. Amma bununla bağlı bir amerikalı tədqiqatçı yazırdı ki, Qandinin irfani həyatı Hindistan Milli Konqresinə baha başa gəlirdi...

Bunları niyə deyirik? Sadəcə, yada salmaq istəyirik ki, bütün inqilablar həm də “süni səmimiyyət teatrı” olur, onun liderləri adətən heç nə “ummur”, tamam “təmənnasız” olur. Kütlə özü onlara minnətçi düşür ki, sən Tanrın, gəl bizə başçılıq et, başçımız ol...

Onlar da axırda bu cür xahiş-minnətin, yalvarışın qarşısında tab gətirməyib xalqa rəhbər olmağa, özü də bu cür ağır yükü bir il, beş il deyil, on illərlə, ta ömürlərinin axırınadək çəkməyə razılıq verirlər. Hətta elələri olur ki, nəsillikcə bu yükün altına girirlər. Neyləsinlər? Axı xalq özü belə istəyir, bunu xahiş edir...

Ermənistanda da inqilab oldu. Bəlkə də ilk inqilabları idi. Amma ilk inqilabları da özləri kimi həyasız oldu – hər halda, Nikol Paşinyan qədər həyasız inqilab liderinə rast gəlməmişdim.

Aydın məsələdir ki, uğurlu inqilablar onu edənləri – inqilab liderlərini gec-tez hakimiyyətə gətirir. Amma bütün inqilab liderləri özlərini elə aparırlar ki, sanki belə niyyətləri, arzu və istəkləri yoxdur, onlar heç nə ummurlar, arzuları yalnız “xalqı xilas etmək” və Yer üzündə daha bir “cənnət” yaratmaqdır.

Bir daha deyirik ki, bu adamlar guya ki, xalqın “tələb və istəyi” qarşısında duruş gətirmir, yalnız buna görə hansısa posta seçilir və ya təyin olunurlar.

Paşinyan özünü belə aparmadı. Əvvəldən dedi ki, ya mən baş nazir seçiləcəm, ya da heç kim bu posta seçilməyəcək. Digər inqilabların, sovet və qeyri-sovet məkanındakı böyük ictimai etirazların nümunəsində biz bunu görməmişdik. Bu, bizi çox düşündürdü, axırda qərara gəldik ki, erməni inqilabı belə də olmalıdı – ermənilərin özü kimi həyasız...

Düzdür, qalan hər şey əsl inqilab - “xalq teatrı” üslubunda tərtib olunmuşdu: sadə, hətta bir az da səliqəsiz geyimi və görkəmilə diqqət çəkən, çiynindəki çantasını da bir an yerə qoymayan, ölkəni qarış-qarış gəzib insanları etiraza çağıran sadə deputat və jurnalist...

Bəli, hər şey olduqca standart və tanış idi. Sadəcə, bu sadə və təmənnasız insan əzəl gündən qayıtdı ki, ya məni seçməlisiniz, ya da heç kimi!

Başa düşmək olmurdu ki, əcaba, seçki kampaniyasıdır bu, yoxsa inqilab? Nə isə. Bizim problemimiz deyil. Bizi düşündürən başqa şeydir. Bir daha deyirik ki, Nikol müəllim bir neçə ciddi geosiyasi bəyanat verdi; Rusiyanı arxayın etdi, hətta Qarabağı da unutmadı...

Əslində bunu etməli idi və bu, heç də o demək deyil ki, gələcəkdə bu vədlərə əməl edəcəkdir. Çünki əks təqdirdə sual yaranar: Ermənistan Rusiyanın vassalı kimi qalacaqsa, Qarabağ müstəvisində indiki siyasət davam edəcəksə, o halda Sarkisyanı qovmağın nə mənası vardı? Lap tutaq ki, Sarkisyanı öz hakimiyyətini fırıldaqla uzatmaq istədiyinə görə qovdular. Bəs Kremlin “gül kimi” Karapetyanının, bütövlükdə hakim partiyanın qarşısına səd çəkməyin mənası nə idi?

Düşünürük, N.Paşinyan gözəl anlayır ki, bu sualları ona verə bilərlər və nə vaxtsa verəcəklər də. Ona görə də bütün hallarda yenilik olacaq...

Ən düşündürücüsü, bir az da kədərlisi bilirsinizmi nədir? Erməni auditoriyasının özü də Dağlıq Qarabağla, hətta Azərbaycanla bağlı çox sərt bəyanatlar istəyir.

Kədərlisi budur ki, hətta özünü qeyri-Rusiya yönümlü və demokrat-qərbçi hesab edənlər də bu istəyə qarşı gedə bilmir, ya populizm naminə, ya da başqa səbəbə görə “ura-patriotlar”dan geri qalmaq istəmirlər.
Elə bu səbəbdən daim deyirik ki, Qarabağ münaqişəsinə sırf Kremlin geosiyasi senarisi kimi baxmaq lazım deyildir, Ermənistanda bununçün zəmin var – bu axmaq kütlənin həqiqətən böyük “plan”ları var.

Baxın, Qərb ölkələrində qərarlaşan erməni diasporu Kremlin qanadı altında deyil. Gəl ki, onlar da “Böyük Ermənistan xəstəliyi”nin daşıyıcılarıdır və İrəvanın işğalçı siyasətinə haqq qazandırmaq üçün türklərə, Azərbaycana və Türkiyəyə qara yaxmaq üçün bu insanlar rəsmi İrəvandan, Ermənistan XİN-dən az iş görmürlər.

Amma yenə də ümidliyik ki, dəyişiklik olacaq. Çünki bunun yolunu artıq bilirik – bu xalqa ancaq güc göstərmək lazımdır...

O ki qaldı dünənki parlament müzakirələrinə və səsverməyə, hər şey Kremlin senarisi üzrə gedir.
Putin demişdi ki, proseslər konstitusiyaya və ölkədəki mövcud siyasi sxemə - son seçkilərin nəticələrinə və parlamentdəki vəziyyətə uyğun getməlidir.

Ona görə də hakim partiya vaxtı uzatmağa cəhd edəcəkdir ki, ya etirazlar ensin, ya da növbədənkənar seçkilər keçirilisin. Təbii, bir həftə etiraz dalğasının enməsi üçün çox az vaxtdır. Deməli, daha ehtimallı yeni parlament seçkisidir...

Hüseynbala Səlimov
AzNews.az