Vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayanlar cinayət məsuliyyətinə cəlb olunacaq Vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayanlar cinayət məsuliyyətinə cəlb olunacaq

Milli Məclisdən sahibkarlara dəstək gəldi

Vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayanlar cinayət məsuliyyətinə cəlb olunacaq


Azərbaycanda müəyyən olunmuş müddətdən kənar, yaxud vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayan yoxlayıcı orqanın əməkdaşları inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq maddələr əlavə olunacaq. Layihə hazırda Milli Məclisin plenar iclasına tövsiyə olunmuş "Sahibkarlıq fəaliyyətinin yoxlanılmasının tənzimlənməsi və sahibkarların maraqlarının qorunması haqqında" yeni qanun layihəsi qəbul olunduqdan sonra bu qanun əsasında müzakirəyə çıxarılacaq.

Sənədə əsasən, yeni qanunda göstərilən risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə, bilərəkdən, vəzifəsindən sui-istifadə edərək yoxlayanlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Hər iki halda cəzaların dərəcəsi layihə müzakirəyə çıxarılan ərəfədə məlum olacaq, hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən verilən təkliflər üzərində iş gedir.

Xatırladaq ki, Azərbaycan parlamenti sahibkarlıq subyektlərinin yoxlanması qrafikini müəyyənləşdirən yuxarıda adı qeyd olunan yeni qanun layihəsi hazırlayıb və plenar iclasa tövsiyə olunub. Yeni qanuna əsasən, artıq bütün yoxlayıcı orqanlar bütün sahələrdə fəaliyyət göstərən sahibkarları istədikləri vaxt deyil, qanunla müəyyən edilmiş müvafiq vaxtlarda yoxlayacaq. Yeni qanunda yoxlamaların aparılması üçün vaxtların təyin olunması ilə bağlı sahibkarlıq fəaliyyəti 3 risk - aşağı, orta və yüksək risk qruplarına bölünüb.

Qeyri-yeyinti sənayesi sahəsində aşağı risk qrupuna aid olan sahibkarlıq subyektləri 3 ildən bir, orta risk qrupuna aid olanlar 2 ildən bir və yüksək risk qrupuna aid olanlar isə ildə bir dəfə yoxlanılacaqlar. Yeyinti sahəsində isə aşağı risk qrupunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 2 ildən bir, orta risk qrupuna aid olanlar ildə bir dəfə və yüksək risk qrupuna aid olan sahibkarlıq subyektləri isə 6 aydan bir yoxlanılacaqlar.

Yeni qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirə olunacaq.

AzNews.az