Gürcüstandakı etirazların siyasi palitrası hələ aydın deyil; proseslərə daha çox qətlə yetirilmiş məktəblilərin valideynləri liderlik etsələr də ölkədə ictimai-siyasi durum gərgin olaraq qalır. Gürcüstandakı etirazların siyasi palitrası hələ aydın deyil; proseslərə daha çox qətlə yetirilmiş məktəblilərin valideynləri liderlik etsələr də ölkədə ictimai-siyasi durum gərgin olaraq qalır.

Kvirikaşviliyə də vaxt verildi...

Gürcüstandakı etirazların siyasi palitrası hələ aydın deyil; proseslərə daha çox qətlə yetirilmiş məktəblilərin valideynləri liderlik etsələr də ölkədə ictimai-siyasi durum gərgin olaraq qalır.

Ötən günlərdə məlum oldu ki, etirazçılar, daha doğrusu, onların ən fəal üzvlərindən biri Zaza Saralidze hökumətə iyunun 10-dək vaxt verib. Elə bu xəbərin ardınca məlumatlar daxil oldu ki, metropoliten işçiləri də müddətsiz tətilə başlayıblar.

Düzdür, bir daha deyirik, hələ ki, qəti bilmək olmur bu nədir – adi sosial etiraz, yoxsa daha ciddi proseslərin müjdəsi.

Bəli, konspiroloqlar üçün bu dəfə də qaranlıq məsələ “yoxdur” – onlar hələ erməni inqilabı başlayandan iddia edirlər ki, proseslər bir Ermənistanla yekunlaşmayacaq, çox güman, qonşu Gürcüstanı da əhatə edəcək. Çünki bu adamların fikrincə, hər şey bir mərkəzdən idarə olunur. Xüsusən də erməni inqilabının izləri C.Sorosa aparırsa, deməli, Tiflis hökumətinin də məsələsi həll olunub. Ən azı ona görə ki, cənab Sorosun aktivində artıq bir uğurlu gürcü inqilabı olubdur.

Əlbəttə ki, biz nəticələrlə tələsməzdik. Qeyri-demokratik, problemli ölkələrdə inqilablar, demokratik ölkələrdə isə inqilabi seçkilər olur. Biz qonşu Gürcüstandan daha çox seçki sürprizləri gözləyirik və onların biri artıq bu il baş tuta bilər – səhv etmiriksə, Gürcüstanda bu il prezident seçkiləri keçirilməlidir. Düzdür, bu ölkədə prezident elə də önəmli fiqur deyil və digər parlament respublikalarında olduğu kimi burada da əsas səlahiyyətlər baş nazirdə cəmləşibdir.

Amma bir seçki digər bir seçki ərəfəsində məşq ola bilər – elə olar ki, birincini uduzmuş hakim partiya digər mövqelərini də əldən verər. Ən əsası odur ki, hakim “Gürcü arzusu” partiyası siyasi bleflə hakimiyyətə gəlib.

Burada bir daha B.İvanişvilinin “vəd”lərini qətiyyən xatırlatmaq istəməzdik. O vədlər doğrulmadı, üstəlik, Saakaşvili hakimiyyətinin Qərbə istiqamətlənmiş siyasətinə ciddi korrektələr də edilmədi.

Avropa Birliyi və NATO – indiki hakimiyyətin də əsas şüarları budur. Ona görə də sual yaranır: hər şey doğru-düzgün idisə, onda Saakaşvili nə səbəbə görə mühacir həyatı yaşamalı və təqib olunmalıdır?

Xarici siyasi kursun dəyişməz qaldığını artıq qeyd etdik. Axı M.Saakaşvili daxili siyasətdə də ciddi dəyişikliklər etmişdi. Məsələn, bu adamın koorupsiyanın azaldılması istiqamətindəki uğurlarını, Gürcüstan siyasi-ictimai həyatının, ümumiyyətlə, dekriminalizasiya səmtindəki real nəticələrini hətta hakim partiyanın təmsilçiləri də inkar edə bilmirlər.

Bəli, deyirlər ki, Saakaşvili diktator idi. Amma bu “diktator” hakimiyyəti seçki yolu ilə təhvil verdi, Ukraynadan Saakaşviliyə “maddə tikmək” sifarişi gələndə belə, hakim “Gürcü arzusu” ciddi bir ittiham tapa bilmədi.

İndi də Ukraynada və yaxud doğma Gürcüstanda vəziyyət mürəkkəbləşən kimi Saakaşvili özünü xatırladır. Etiraf edirik ki, bəzən bu, çox gülünc və gülməli forma alır. Məsələn, onu sevməyənlər deyirlər ki, Saakaşvili artıq siyasi təlxəyə çevrilibdir.

Ola bilər. Biz də yazılarda dəfələrlə Saakaşviliyə xas siyasi avantürizmi qeyd etmişik. Bəli, o, avantürizmə çox meyllidir. Amma bu adam fəaldır və passionar şəxsdir. Buna görə isə adamı qınamazlar. Çox gənc yaşlarda böyük siyasəti tərk etməyin bir fəsadı da elə budur. İnsan enerjilidir, amma di gəl, öz enerjisinə tətbiq tapa bilmir. Əlli yaşında hamı memuar yazmaq üçün yetərincə səbrli olmur axı...

Bunu elə qəbul etməyin ki, biz M.Saakaşvilinin təkrar dönüşünə inanırıq. Əksinə, belə hesab edirik ki, onun özünü indiki siyasi proseslərə, ümumiyyətlə, nəinki Gürcüstanda, hətta Ukraynadakı bütün etirazlara proyeksiya etməsi yalnız və yalnız ziyan gətirir. Çünki dinamik, inkişafa və dəyişikliyə meylli cəmiyyətlərdə restavrasiyaya həvəs olmur, insanlar əsl dəyişiklik istəyirlər.

Bir daha deyirik ki, proseslərin “evolyusiya”sını təxmin etmək elə də asan bir məsələ deyil; ola bilsin, onlar genişlənəcək və yaxud da hakim partiya vəziyyətdən bir çıxış yolu tapacaqdır. Ancaq duyulanı budur ki, Cənubi Qafqaz cəmiyyətləri yeni impuls alır və sanki daha bir passionar mərhələ başlayır.

Bəli, onun mənşəyi haqqında çox mübahisə açmaq və müxtəlif ehtimallar söyləmək olar. Lakin bunlara lüzum yoxdur, daha yaxşısı prosesləri izləməkdir. Ən azı bu, başını bulayıb “Hamısı bir oyundur!” deməkdən heç də maraqsız məşğuliyyət deyil...

Hüseynbala Səlimov
AzNews.az