Millət vəkili AŞPA-nın iclasının yarımçıq tərk etdi Millət vəkili AŞPA-nın iclasının yarımçıq tərk etdi

AŞPA-da qalmaqal

Millət vəkili AŞPA-nın iclasının yarımçıq tərk etdi



Şamaxıdan seçilən millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun bu gün Monitorinq Komitəsində çıxış edib. Azərbaycan millət vəkili çıxış edərkən monitorinq komitəsinin sədri Andres Herkel onun sözünü kəsməyə cəhd göstərib. Buna səbəb kimi isə reqlamentin pozulması göstərilsə də, əslində iclasda iştirak edən Ermənistan deputatları və ermənipərəst mövqeyini gizlətməyən qanunvericilər Azərbaycan millət vəkilinin çıxışına mane olmağa çalışıblar.

Elxan Süleymanov həmin şəxslərin yerdən səsləndirdikləri fikirlərə etiraz əlaməti olaraq çıxışını yarımçıq kəsərək toplantı zalını tərk edib.

Millət vəkilinin çıxışının tam mətnini təqdim edirik:

Cənab Sədr,
Hörmətli həmkarlar,
Mən Azərbaycan və erməni xalqları arasında mövcud düşmən münasibətlərin dərinləşməsinin qarşısını almaq məqsədi ilə sizlərə müraciət edirəm.
Fevral ayında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsi məni təccübləndirir.
Mən burada seçi kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və onun odlu silahdan atəş nəticəsində yaralanması və ya ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsi tərəfindən seçkilərin nəticələrinin tanınmaması haqqında danışmaq istəmirəm.
Mən diqqəti daha ciddi və daha ağır nəticələri olan cinayət faktlarına yönəltmək istəyirəm: Ermənistan 25 ildir ki, Azərbaycana qarşı silahlı təcavüz edib və indiyədək 20% Azərbaycan ərazilərini işğal altında saxlayır. Ermənistan işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirərək bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kütləvi və kobud şəkildə pozub, onları qaçqın və məcburi köçkünə çevirib.
Ağırlaşdırıcı məqam həm də odur ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə mülki əhaliyə qarşı soyqırım cinayətləri törədən erməni silahlı birləşmələrinin komandiri olmuş Serj Sarkisyan Ermənistan prezidenti seçilib.
İngilis jurnalisti Tomas de Vaal "Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında" adlı kitabında yazır ki, erməni hərbi komandiri Serj Sərkisyandan Xocalının zəbt edilməsi haqqında danışmağı xahiş etdikdə, o, sərt cavab verdi və bildirdi ki, "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq". Göründüyü kimi, Serj Sərkisyan Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən biri və iştirakçısı olduğunu etiraf edir.
Digər üzv dövlətin ərazilərini işğal altında saxlayan, bu ərazilərdə mülki əhalinin etnik mənsubiyyətinə görə hüquqlarını kütləvi və kobud şəkildə pozan Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsi öz-özlüyündə qeyri-normal haldır və demokratik dəyərlər sisteminin korroziyaya məruz qalmasından xəbər verir.
Bununla bərabər, mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə Avropa Şurasında demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi demokratiya prinsiplərinə ziddir.
Mən işğalçı dövlətdə keçirilmiş seçkilərin demokratiklik baxımından dəyərləndirilməsinə, insanlığa qarşı cinayətlər törətmiş şəxsin prezident seçilməsinin demokratik birlik tərəfindən təqdir edilməsinə və legitim sayılmasına qarşı etirazımı bildirirəm və bu məsələnin AŞPA-nın yaz plenar iclasında müzakirə edilməsini tələb edirəm.
Belə anti-demokratik qiymətləndirmə üzv ölkələr arasında olan mübahisəli məsələlərin müharibəyə çevrilməsinə təkan verir və dünya xalqlarının demokratiyaya olan inamını puç edir.
Diqqətinizə görə minnətdaram.


Elnarə Əlosmanqızı
AzNews.az