Ukrayna, Suriya və seçkilər – Trampın siyahısı elə də böyük deyil...

Bəzi təhlilçilər D.Trampla V.Putinin görüşünün Helsinkidə keçirilməsinin səbəblərini araşdırmağa çalışsalar da, əksəriyyət başqa məsələnin fərqindədir: görən, iki ildir haqqında söhbətlər gəzən bu görüşdə hansı məsələlər müzakirə olunacaq?

Hərçənd “Helsinki məsələsi” də maraqsız deyil. Xatırladaq ki, görüş yeri üçün də müxtəlif ünvanlar sadalanmışdı. Lap əvvəl Vaşinqtonun adı çəkilirdi, daha sonra Vyana gündəmə gəldi, axırda da deyəsən, Helsinkinin üzərində dayandılar.

Ola bilsin, burada da bir simvolik məna var: ya siyasi motivlər əsas götürülüb, ya da Rusiyaya coğrafi yaxınlıq məsələsi. Sadəcə, onu deyə bilərik ki, Helsinki birinci soyuq savaş çağlarında ABŞ və SSRİ dövlət başçılarının görüşlərinə dəfələrlə ev sahibliyi etmişdi.

Üstəlik, Avropanın, hətta dünyanın təhlükəsizlik arxitekturasının bir çox prinsipləri məhz bu şəhərdə elan olunmuşdu – yetər ki, məşhur “Helsinki dekaloqu”nu yada salasan.

Amma ola bilsin, motiv tamam başqa və sadədir – bu, bəzi şərhçilərin qeyd etdiyi kimi, futbol çempionatını yenicə başa vurmuş V.Putinin gedə biləcəyi ən yaxın ünvandır. Üstəlik, Rusiya Avropa ölkəsi olsa da NATO dövləti deyil və güman ki, bunun da öz simvolik mənası var.

Bütün hallarda əsas məsələ görüşün harada keçiriləcəyi yox, nələrin müzakirə ediləcəyidir. D.Tramp məsələ ilə bağlı özü kiçik bir açıqlama yaydı. Dedi ki, o, rusiyalı həmkarı ilə Ukrayna, Suriya məsələlərini və bir də iki il əvvəl ABŞ - da keçirilən seçkilərə Moskvanın müdaxiləsini müzakirə etməyə hazırlaşır.

Bəri başdan deyək ki, açıqlama bizdə çox ironik bir təəssürat yaratdı. Cəmi bir-iki həftə bundan əvvəl, “böyük yeddilər”in sammitində ABŞ prezidenti Krımın Rusiya aid olmasının çox orijinal “izah”ını vermiş və Ukraynanı korrupsiya içində boğulan ölkə adlandırmışdı.

O ki qaldı iki il bundan əvvəlki seşkilərə, ola bilsin, məsələnin müzakirəsi indiki zamanda çox aktual olan başqa məsələni – kibertəhlükəsizlik məsələsini bir az da aktuallaşdırdı və bu sahədə hansısa beynəlxalq hüquqi sənədlərin meydana çıxmasına təkan verdi. Amma hələ ki, buna işarə yoxdur.

Bizi isə, bütün bu proseslərin Azərbaycan müstəvisinə proyeksiyası maraqlandırır. Düşünürük ki, əslində Trampla Putinin müzakirə edəcəyi başqa məsələlər də var. Məsələn, hazırda ABŞ Xəzərin üzərindən Əfqanıstana daha geniş tranzit dəhlizi açmağa cəhd edir və bunun üçün Mərkəzi Asiya ölkələrilə intensiv danışıqlar aparılır.

Bizə elə gəlir ki, ABŞ-ın Xəzərdə iştirakı başqa bir problemin də açarı ola bilərdi. İllərdir ki, Kreml trans-Xəzər neft və qaz layihəsinin reallaşmasını ləngidir. Mərkəzi Asiya ölkələri Xəzərin dibi vasitəsilə öz karbohidrogen ehtiyatlarını Avropaya nəql etməkdə çox maraqlıdırlar. Di gəl, bu böyük layihə reallaşa bilmir ki, bilmir. Səbəbini azca əvvəldə dedik.

Hazırda məsələ xüsusilə aktualdır. Azərbaycan artıq böyük qaz layihəsinin mühüm hissəsini – TANAP-ı başa vurub. Mərkəzi Asiya ölkələri də buna çox maraq göstərirlər. Onların da perspektivdə layihəyə qoşulması Azərbaycanın gəlirlərini artırar, layihəni daha rentabelli edər və onun coğrafiyasını bir az da genişləndirərdi.

Əlbəttə ki, ABŞ-Rusiya təmasları Dağlıq Qarabağ problemi baxımından da maraq kəsb edir. Ən azı ona görə ki, hər iki ölkə Minsk Qrupunun həmsədri funksiyasını yerinə yetirir.

Lakin aydın məsələdir ki, Helsinki görüşündə buna toxunulmayacaq. Çünki Kremllə Vaşinqtonun guya başqa dərdləri də var. Yeri gəlmişkən, ötən həftə Ermənistan prezidenti A.Sarksiyan ABŞ-da səfərdə idi. Deyəsən, o, yalnız dövlət katibi səviyyəsində qəbul edildi.

Biz həm də ABŞ-ın regional layihələrində Azərbaycanın iştirakının artmasını istərdik; çünki bütün hallarda bu iştirakın faydası vardır. Məsələn, Əfqanıstanla bağlı proses bunun bir yolu ola bilər. Təsadüfi deyil ki, ötən həftə Bakıda bununla bağlı beynəlxalq forum da keçirildi. Ehtimal edilir ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti də “əfqan layihəsi”ndə müəyyən yer alacaq. Çünki bir sıra yüklərin daşınması üçün bundan sərfəli başqa yol görünmür.

Ən əsası odur ki, həm ABŞ, həm də Rusiya Dağlıq Qarabağ məsələsində neytral qalsın. O halda biz bu iki ölkənin daim dilə gətirdiyi və qeyri-məqbul elan etdiyi status-kvonu daha asan dəyişə, özümüz təcavüzkarı danışıqlar masası arxasına gətirə və onu güzəştlərə məcbur edə bilərik...

Hüseynbala Səlimov
AzNews.az