Türkiyənin sabiq Baş naziri və yeni dönəmdə Böyük Millət Məclisinin spikeri Binəli Yıldırım parlament sədri kimi ilk səfərini Azərbaycana etdi. Türkiyənin sabiq Baş naziri və yeni dönəmdə Böyük Millət Məclisinin spikeri Binəli Yıldırım parlament sədri kimi ilk səfərini Azərbaycana etdi.

Binəli Yıldırımın Bakı səfərinin pərdəarxası: Türkiyə “Təbriz-2018” danışıqlarında Qarabağı gündəmə gətirəcək

Türkiyənin sabiq Baş naziri və yeni dönəmdə Böyük Millət Məclisinin spikeri Binəli Yıldırım parlament sədri kimi ilk səfərini Azərbaycana etdi.

Bakıdakı ilk açıqlamasını Binəli bəy Binədə- Heydər Əliyev Beynəlxalq Aeroportunda verdi. O, qeyd etdi ki, Azərbaycan və Türkiyə “bir millət- iki dövlət” olaraq beynəlxalq aləmdə vahid mövqedən çıxış edir. Ardınca o, bütün xalqımızı salamladı: “Azərbaycan kimi gözəl ölkədə olmağımdan məmnunluq duyuram. Bütün Azərbaycan xalqını ürəkdən salamlayıram.”

Rəsmi protokola uyğun olaraq Türkiyə parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət etdi, Fəxri Xiyabana baş çəkərək müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarına əklil qoydu.

Səfər çərçivəsində B.Yıldırımın prezident İlham Əliyev və dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulmuşdu. Həmin görüş gerçəkləşdi.

Rəsmi dövlət Agentliyi- AZƏRTAC-ın yaydığı xəbərə görə, dövlətimizin başçısı ilk növbədə Binəli Yildırıma Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Binəli Yıldırımın Baş nazir və digər vəzifələrdə çalışdığı dövrlərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, Bakı-Tbilisi-Qars layihəsinin reallaşması işinə öz töhfəsini verdiyini vurğulayıb.

Daha sonra, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd etib.

İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər.

Binəli Yıldırım isə prezidentlə görüşündə qeyd edib ki, onun Azərbaycanda birinci dəfə 15 il bundan əvvəl olduğu dövrlə müqayisədə ölkəmiz çox böyük inkişafa nail olub və Azərbaycanın tərəqqisi Türkiyədə böyük sevinc hissi doğurur.

Rəsmi proqram çərçivəsində cənab Yıldırım Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla və Baş nazir Novruz Məmmədovla da görüşüb.

Bəs, Azərbaycanın həndəvərindəki ölkələrdə siyasi abu-havanın qorabişirən avqust istisini geridə qoyduğu bir ərəfədə Türkiyənin nüfuzlu dövlət adamının ölkəmizə səfərinin pərdəarxasında nələr yaşanıb?

Türkiyə siyasətini yaxından izləyən və Binəli Yıldırımla şəxsi münasibətləri olan “Yeni Çağ” internet portalının rəhbəri Aqil Ələsgər isə hesab edir ki, Binəli Yıldırımın Azərbaycana TBMM sədri kimi ilk səfəri onun ölkəmizə həm də səmimi şəxsi sevgisinin təsahürüdür:

“Binəli bəy Azərbaycan adı gəldiyi zaman “axar sular dayanar” deyən siyasətçilərdən biridir. Bunu TBMM sədrini şəxsən tanıdığım üçün deyirəm”.

Aqil Ələsgər hesab edir ki, səfər daha çox “ənənəvi prosedur qayda” səciyyəsi daşıyır və Azərbaycanla Türkiyənin qardaşlıq bağlarını dünyaya sərgiləyir. Bununla belə, o danışıqlar masasında ciddi siyasi məsləhətləşmələrin aparıldığına inanır.

Ekspert Elxan Ələsgərov bildirir ki, bu cür görüşlər və məsləhətləşmələrin aparılması ənənəvi qaydadır. Ancaq bu səfər hazırkı vəziyyətdə üç aspektdən dəyərləndirilə bilər:

“Birincisi, bu səfər siyasi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

İkincisi, iqtisadi layihələrin həyata keçirilməsi üzrə danışıqların davamıdır.

Üçüncü aspekt isə sırf hərbi münasibətlərlə bağlıdır. Bildiyiniz kimi, iki qardaş ölkə birgə hərbi təlimlər keçirir. Türkiyə Azərbaycanı Dağlıq Qarabağ məsələsində ən mötəbər təşkilatlarda dəstəkləyən bir ölkədir”

Ekspertə görə, bu səfərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq:

“Son zamanlar Rusiya ilə Türkiyə arasında ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşma Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində qərarların qəbul olunması üçün Türkiyənin Rusiyaya təsir imkanlarını artıra və ən əsası, sülh prosesinə təkan verə bilər.

Bundan başqa, Rusiya, Türkiyə və İran prezidentləri yaxın zamanlarda məhz Təbrizdə bir araya gələcəklər. Azərbaycanın hər üç ölkə ilə münasibətləri yüksək səviyyədə olduğundan Bakı da dolayısı ilə bu mühüm görüşdə iştirak etmiş sayılacaq.

Bu mənada sözügedən görüşdə də Türkiyə tərəfdən Azərbaycanın haqlı davasının gündəmə gətiriləcəyi istisna edilmir”.

Pərvanə AĞAZADƏ
AzNews.az