Müraciəti imzaladıqları bildirilən üç diaspora lideri imza atmadıqlarını bəyan edirlər Müraciəti imzaladıqları bildirilən üç diaspora lideri imza atmadıqlarını bəyan edirlər

Milyarderlər İttifaqının bəyanatına Rusiyadan etiraz

Müraciəti imzaladıqları bildirilən üç diaspora lideri imza atmadıqlarını bəyan edirlər



Samara və Tatarıstandakı azərbaycanlı diaspor təşkilatının liderləri Şirvan Kərimov və Sübhan Əhədzadə bu müraciətdən xəbərsiz olduqlarını bəyan edirlər

Azərbaycan hakimiyyətinin "Milyarderlər ittifaqı" kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına və onun liderlərinə qarşı hücumlarını kəskin pisləyən müraciətlə bağlı Rusiyadan reaksiyalar gəlib.

AzNews.az-ın "musavat.com" saytına istinadən verdiyi məlumata görə, müraciəti imzaladıqları bildirilən iki diaspor lideri onların həmin müraciətdən xəbərləri olmayıb və adlarının orada yer almasını mətbuatdan eşidiblər.

"Samara vilayəti azərbaycanlıları Liqası"nın İdarə heyətinin sədri Şirvan Kərimov "Yeni Müsavat" qəzetinə göndərdiyi yazılı bəyanatda qeyd edib ki, son iki gün ərzində Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində Rusiyanın diaspor təşkilatları rəhbərlərinin adından "Azərbaycan ictimaiyyətinə müraciət" çap olunub və müraciəti imzalayanlar arasında onun da adı göstərilib. Şirvan Kərimov bu müraciət mətnindən xəbəri olmadığını, mətnin onunla müzakirə edilmədiyini və buna görə onu imzalaya bilməyəcəyini vurğulayıb: "İmzamın saxtalaşdırılmasını mənə qarşı yönəlmiş təxribat sayıram. Rəhbərlik etdiyim Samara təşkilatı öz işində Rusiya qanunlarını rəhbər tutur və buna görə də qonşu ölkədə - bu ölkə tarixi vətənimiz olsa da - gedən siyasi proseslərə qarışmağı həm Rusiya, həm Azərbaycan qanunvericiliyinə zidd sayıram".

Tatarıstandakı diaspor təşkilatının lideri Sübhan Əhədzadə də "Yeni Müsavat" qəzeti ilə əlaqə saxlayıb və bildirib ki, həmin müraciət barədə Bakıda eşidib: "Mən aprelin 2-də səhər təyyarə ilə Bakıya gəlmişəm. Təşkilati işlər var, onunla məşğulam, Diasporla İş üzrə Dövlət Komitəsində də olmuşam. Bu müraciətdən heç xəbərim də olmayıb və onu imzalamamışam. Müraciət barədə eşidəndə şoka düşdüm. Nijni Novqorodakı diaspor lideri Vidadi Abbasovla əlaqə saxlayıb soruşdum ki, bu nə məsələdir? Niyə mənim xəbərim olmadan adımı ora yazmısınız? O etiraf etdi ki, müraciətin altına mənim adımı özləri yazıblar, amma bunu izah edə bilmədi. Müraciətdə əksini tapan məsələlər məni maraqlandırmır və belə intriqalara qarışmıram. Mən Milli-Mədəni Muxtariyyətin işləri ilə (AzerRos) məşğulam, Tatarıstanda tədbirlərimiz var, onu hazırlayıram. Rusiyadakı Azərbaycan diasporunun parçalanması məni çox narahat edir. İki dəfə bu məsələ ilə bağlı Moskvaya, Abbas müəllimə etiraz məktubu da yazmışam".
Müraciətdə adı yer alan daha bir diaspor lideri Qalib Ağayevdən də təkzib gəlib və o bildirib ki, həmin müraciətdən ümumiyyətlə xəbəri yoxdur: "Mən belə müraciət imzalamamışam və ondan xəbərim yoxdur. Nəsə sözüm, mövqeyim, etirazım olsa, özüm çıxıb deyərəm".

Beləliklə, müraciətdə adı yer alan beş nəfərdən üçü ondan xəbərsiz olduğunu bəyan edir.

Qeyd edək ki, Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərləri Qalib Ağayev, Vidadi Abbasov, Şirvan Kərimov, Osman Hüseynov və Sübhan Əhədzadənin adından göndərildiyi bildirilən müraciəti bir gün əvvəl "azadlıq.info" saytı yayıb. Həmin müraciətdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər yer alıb və ÜATİ-yə, onun üzvlərinə qarşı aparılan kampaniya pislənilib. Müraciətdə ÜATİ-nin rəhbəri olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qohumunun həbsi də kəskin pislənilib.

AzNews.az