Azərbaycanda son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub Azərbaycanda son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub

1000 məhkum işlə təmin olunub-Azərbaycanda

Azərbaycanda son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub



Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev ATƏT-in Bakı ofisinin nümayəndələri ilə görüşündə bildirib.

Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targayın xahişi ilə Qanunun Aliliyi və İnsan Hüquqları şöbəsinin keçmiş rəhbəri xanım Monika Martinez, həmin şöbənin yeni rəhbəri Covanni Qalzinyato və hüquq məsələləri üzrə köməkçi xanım Aynur Quliyevadan ibarət nümayəndə heyətini qəbul edib.

Görüşün məqsədi Penitensiar Xidmətin tabe qurumlarının monitorinqi proqramı çərçivəsində 2011-ci ilin iyul və 2013-cü ilin mart ayları arasındakı dövr ərzində ATƏT-in Bakı ofisi tərəfindən 21 cəzaçəkmə müəssisəsində keçirilmiş monitorinqlərin nəticələrini əks etdirən dəyərləndirmə hesabatının təqdim olunması, eləcə də Qanunun Aliliyi və İnsan Hüquqları şöbəsinin yeni rəhbəri Covanni Qalzinyatonun təqdim olunmasından ibarət olub.

Mədət Quliyev penitensiar müəssisələrlə bağlı ATƏT-in Bakı ofisinin fəaliyyəti üçün normal şəraitin təmin olunmasının daim Penitensiar Xidmət rəhbərliyinin diqqət mərkəzində və marağında olduğunu bildirib. Nazir müavini qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barədə məlumat verib, ATƏT-in Bakı ofisi ilə Penitensiar Xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib. Qeyd olunub ki, ATƏT tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin Penitensiar Xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu var.

Nazir müavini vurğulayıb ki, cəza çəkənlərin ictimai faydalı əməyə cəlb olunmaları Penitensiar Xidmət rəhbərliyinin diqqət mərkəzindədir ki, son zamanlar bu sahədə də irəliləyişlərə nail olunub, son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub. Lakin müsbət dəyişikliklərə baxmayaraq, daha geniş məhkum kütləsinin işlə təmin olunması zərurəti mövcuddur.

ATƏT-in Bakı ofisinin Qanunun Aliliyi şöbəsinin fəaliyyətini başa vurmuş rəhbəri xanım Monika Martinez Penitensiar Xidmətlə əməkdaşlığın səmərəli olduğunu qeyd edib və şöbənin 2013-cü il aprel ayının 22-dən etibarən yeni təyin olunmuş rəhbəri Covanni Qalzinyatonu təqdim edib. Cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin təşkil olunması, yeni tikilən müəssisələrin qanunvericilikdə edilmiş dəyişikliklərə tam uyğunlaşdırılması, azadlıqdan məhrum edilmiş şəxslərin vaxtından əvvəl şərti azad olunmaları və təyin olunmuş cəza növünün dəyişdirilməsi institutu ilə bağlı bir sıra problemlərin həllinə dair suallar cavablandırılıb, ATƏT-in Bakı ofisinin təqdim etdiyi hesabatdakı məsələlər barədə fikir mübadiləsi aparılıb.


AzNews.az