“Vahid namizədi öldürsələr də...” – Müsahibə

"Səhər yuxudan durur, deyir, mən namizədəm"

KXCP sədri Mirmahmud Mirəlioğlunun AzNews.az-a müsahibəsi:

- Milli Şuranın dünənki iclasında məlum oldu ki, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyir, ancaq eyni zamanda da partiya başqanı İsa Qəmbərin seçkilərdə iştirakı ilə bağlı qərarını dəyişmir. Bu məqam MŞ daxilində hər hansı narazılıqlar yaratmayacaq ki?

- Bu məsələdə narazılıq yaradacaq məqam yoxdur. Bu, partiyanın qərarıdır. Necə ki, bizim partiya vahid namizədlə bağlı qərar qəbul edib, Müsavat Partiyası da öz qərarını bu cür verib. Bu məsələdə istənilən partiyanın münasibətini təbii qarşılamaq lazımdır. Burada qeyri-adi bir şey yoxdur.

- Bu məqamın yekunda Milli Şuranın parçalanmasına apara biləcəyi iddia olunur. Bu iddialar barədə sizin fikriniz necədir?

- Bu məqamla bağlı səsləndirilən fikirlərin əksəriyyəti subyektivdir. Ancaq eyni zamanda bu fikirlərdə həqiqət yükü də var. Təbii ki, Milli Şura vahid namizəd, vahid komanda ideyası ətrafında bir araya gəlmiş şəxslərin birliyidir. Buna görə də hərə bu məsələlərdə bir addım geri durur. Məncə, İsa bəyin mövqeyində hansısa səhv axtarmaq doğru deyil. Bu, onun fikridir. Mən buna hörmətlə yanaşıram və eyni zamanda da bilirəm ki, hər kəsdən bu hörməti tələb etmək doğru deyil.

- R.İbrahimbəyovun vahid namizədliyinin bir sıra risklərinin olduğu fikirləri ilə necə, razısınız?

- Bütün namizədlərin rəsmi qeydiyyata alınmaması ilə bağlı risk hər zaman böyükdür. Burada risk faizləri hər gün dəyişir və heç kəs bu risklərdən sığortalanmayıb. Ancaq təbii ki, ümumi dəstək olacağı təqdirdə, bu risklər azalır.

- Rüstəm müəllim müsahibəsində deyir ki, seçkiyə az qalmış Bakıya dönəcək. Sizcə, bu "az qalmış" ifadəsi çox gec olmayacaq ki?

- Bundan sonrakı bütün məsələlər Rüstəm İbrahimbəyovun nəzarətindədir. Həmçinin, prosesi kənardan izləməsi onun ziyanınadır. Bundan sonra elə addımlar atılmalıdır ki, vahid namizədin xeyrinə olsun. Ölkədə olması, prosesə özünün nəzarət etməsi hər bir halda ümumi prosesin xeyrinə olar. Ancaq yəqin ki, onun özünün xaricdəki planları, görüşləri var. Bu da bizim bilmədiyimiz məsələlərdir.

- Siz hesab edirsiniz ki, Rüstəm müəllim ölkəyə nə qədər gec gəlsə, özünün ziyanınadır?

- Mən hesab edirəm ki, Rüstəm müəllim ölkəyə nə qədər tez gəlsə, bu, onun o qədər xeyrinə olacaq. Gec gələcəyi təqdirdə isə bu ümumi işin xeyrinə olmaya bilər.

- R.İbrahimbəyov onu ölkəyə çağıran şəxsləri "provokator" adlandırıb, onların "ağzından vurmaq lazımdır" deyib. Siz bu üslubu necə qiymətləndirirsiniz?

- Mən həmin fikirlərlə tanış deyiləm, ancaq əgər Rüstəm İbrahimbəyov belə sözlər deyibsə, mən bunu doğru saymıram. Ümumiyyətlə, mən hətta özümün indiyə qədərki üslubumu belə doğru saymıram, nəinki başqalarının.

- Milli Şura Rüstəm müəllim ölkəyə gəlməzdən əvvəl kütləvi mitinqlərə başlasa, sizcə bu nə effekt verəcək? Vahid namizədin insanların qarşısına çıxmaması hansı təsir yaradacaq?

- Bilirsiniz ki, Seçki Məcəlləsinə görə namizədin kampaniya müddəti qısaldılıb. İmza toplama kampaniyası da daxil olmaqla, bu müddət 2 ay yarımdır. Ancaq namizədin vəkilləri, həmçinin namizədlə görüş mitinqlərinin keçirilməsi vacibdir. Mitinqlərdə namizədin özünün iştirakı müzakirəyə ehtiyacı olan məsələdir. Milli Şuranın mitinq komitəsinin təşkili və s. kimi məsələlər də onun özünün iştirakı ilə formalaşacaq.

- Rüstəm İbrahimbəyovun həbs olunması ehtimalını necə qiymətləndirirsiniz? O özü bu haqda deyib ki, həbsi ümumi prosesin xeyrinə olacaq. Siz necə düşünürsünüz bu ehtimal barədə?

- Ağıllı siyasət o olar ki, Rüstəm İbrahimbəyov həbs olunmasın. Ancaq bu və ya digər formada hansısa addım atılsa, məncə də bu, ümumi işin xeyrinə olacaq. Mən hesab edirəm ki, heç kəs həbsdən sığortalanmayıb. Azərbaycanda istənilən şəxsin həbs olunmaq riski var.

- Mirmahmud bəy, MSK-ya həm Müsavat başqanı İsa Qəmbərin, həm də Rüstəm İbrahimbəyovun sənədlərini verəcəyini nəzərə alsaq, Milli Şurada ikitirəlik yaranmayacaq ki?

- Bu məsələdən o nəticəyə gəlmək doğru deyil ki, Milli Şura seçkilərə iki namizədlə gedəcək. İsa Qəmbər Müsavat Partiyasının namizədi olacaq, Rüstəm bəy isə Milli Şuranın. İsa Qəmbərin yanaşması həm partiya, həm də öz mövqeyindən doğru yanaşmadır. Hesab edirəm ki, bu məsələdə qarşılaşdırma aparmaq doğru deyil. Milli Şuranın namizədini qeydə alsalar da, almasalar da, onu öldürsələr də, həbs etsələr də bir namizəd olacaq. İkinci namizəd olmayacaq. Bu barədə narahatçılığa əsas yoxdur.

- Sizcə, Milli Şuradakı digər partiyaların rəhbərləri də eyni qərara gəlib, namizədliklərini irəli sürməyəcəklər ki?

- Milli Şura daxilində cəmi iki partiyanın sədri rəsmi qaydada namizəd olacaqlarını elan edib: Müsavat başqanı İsa Qəmbər və KXCP sədri Mirmahmud Mirəlioğlu, yəni mən. Namizədlik oyun oynamaqdı bəyəm? Biri həbs olunur, deyir, mən namizədəm. Biri səhər yuxudan durur, deyir, mən namizədəm. Bu cür məsələlərə biraz ciddi yanaşmaq lazımdır.

- Siz özünüz necə, namizədliyinizi geri götürəcəksiniz, yoxsa MSK-ya müraciət edəcəksiniz?

- Bu, oyun deyil axı, bu, siyasi qaydalardır. Bizim partiyanın qərarı ilə bağlı da Ali Məclisin sessiyasında müzakirələr gedəcək. Biz çox istəyərdik ki, Milli Şuranın vahid namizədi namizədlərin arasından seçilsin. Namizədlər qeydiyyata alınardı, hətta ehtiyac olarsa, ilkin seçki də keçirilərdi. Ancaq bu olmadı və Rüstəm bəy öncədən vahid namizəd oldu. Buna görə də biz də qərarımıza yenidən baxacaq, yanvarın 26-da Ali Məclisin sessiyasında qəbul etdiyimiz qərarı müzakirəyə çıxaracaq və bunu Milli Şurada qəbul edilən qərara uyğunlaşdıracağıq.

Anar
AzNews.az