Tiflisdə Milli Şuranın ehtiyat namizədi müzakirə olunacaq

Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslər sabah Tiflisə gedəcək.


Bu barədə teleqraf.com-a Milli Şurada təmsil olunan "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. Onun sözlərinə görə, Milli Şuranın üzvləri Tiflisdə vahid namizəd Rüstəm İbrahimbəyovla görüşüb bir sıra məsələləri müzakirə eədəcəklər.

"Görüşdə ölkədəki siyasi vəziyyət, Rüstəm İbrahimbəyovun ölkəyə gəlişi, ehtiyat variantlar müzakirə olunacaq. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə Milli Şuranın seçkilərdə iştirak məsələsi müzakirə olunacaq. Milli Şurada seçkilərdə mütləq iştirakın tərəfdarı və boykot tərəfdarı olanlar var. Rüstəm müəllimin iştirakı ilə bunlar bir daha müzakirə olunacaq".

R.İbrahimbəyovun Azərbaycana gəlişinin təxirə salınmasına gəlincə, M.Əliyev bildirdi ki, onun ölkəyə gələndən sonra həbs edilmə və ya ölkədən çıxmasına məhdudiyyətlərin tətbiq edilməsi ehtimalları var: "Rüstəm İbrahimbəyov bu gün gəlir, sabah gəlir" kimi söhbətlərə son qoyulmalıdır. Ola bilsin ki, Rüstəm İbrahimbəyov bizimlə birgə Tiflisdən Azərbaycana gəlsin. Ola da bilsin ki, onun ölkəyə dönüşü yubansın".

M.Əliyev hesab edir ki, əgər Vladimr Putin R.İbrahimbəyovun vətəndaşlıqdan imtina ilə bağlı müraciətinə müsbət cavab verməsə, o zaman Rusiyanın qarşıdakı seçkilərlə bağlı mövqeyi bir daha aydın olacaq: "Putinin Azərbaycana səfər edəcəyi barədə məlumatlar var. Amma mən belə bir səfərin baş tutacağını gözləmirəm".

AzNews.az