“Milli Şura artıq yoxdur“ - Fəzail Ağamalı

"Şura əvvəldən də "stəkanda fırtına" kimi təəssürat yaradırdı"




Əslində Milli Şuradakı gərginlik gözlənilən idi. Çünki Milli Şurada müxtəlif baxışları, müxtəlif maraqları olan, maraqları heç zaman üst-üstə düşməyən partiyalar, insanlar cəmləşmişdilər. Bu barədə Trend-ə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Milli Şura ətrafında yaranan vəziyyəti şərh edərkən deyib.

F.Ağamalı qeyd edib ki, Milli Şurada toplaşanlar arasında əvvəldən bu cür münasibətlər, ziddiyyətlər mövcud idi və onların içərisində qrup şəklində fəaliyyət göstərən Müsavat, Xalq Cəbhəsi partiyaları, "El" hərəkatı biri digərini qəbul etməyən və biri digərinin imkanlarından daha çox bəhrələnməyə çalışan qruplar idi: "Yarandığı ilk gündən onların arasında bu və ya digər məsələlər ətrafında fərqli fikirlər, ziddiyyətli mövqelər olub. Artıq Milli Şuranın Rüstəm İbrahimbəyov mərhələsi sona çatdıqdan, Cəmil Həsənli Milli Şurada təmsil olunan Müsavat və Xalq Cəbhəsi partiyalarının layihəsinin təmsilçisi kimi rəsmiləşdiriləndən sonra təbii ki, "El" hərəkatı, eyni zamanda, Açıq Cəmiyyət Partiyası, Azərbaycan Liberal Partiyası ilə bu biri partiyalar arasında münasibətlərin gərgin xarakter alması açıq müstəviyə keçdi və bu gün də onun bütün elementləri özünü göstərməkdədir".

O vurğulayıb ki, Milli Şura Azərbaycan cəmiyyətinin sosial sifarişi deyildi: "Milli Şura Azərbaycan cəmiyyətinin içərisindən doğan, Azərbaycan xalqının maraqlarına xidmət edən bir layihə deyildi. Bəlli olduğu kimi, bu, kənardan yaradılmış bir layihə idi və bu layihə tarixin arxivinə göndərildi. Bundan sonra yaranmış vəziyyətdən istifadə edən Müsavat ilə Xalq Cəbhəsi partiyaları öz məğlubiyyətlərini sığortalamaq və öz gələcək siyasi fəaliyyətlərinə müəyyən yer saxlamaq üçün Cəmil Həsənlini irəli sürdülər və onun kölgəsində dayanaraq onu qurbalıq kimi Milli Şuranın namizədi etdilər. Məsələnin mahiyyəti budur və nəticə etibarilə Milli Şura artıq yoxdur".

F.Ağamalı əlavə edib ki, Milli Şura əvvəldən də sadəcə olaraq "stəkanda fırtına" kimi təəssürat yaradırdı, çünki arxasında sosial baza yox idi və indi də onlar arasındakı maraqlar toqquşduğuna görə, biri digərini qəbul etmədiyinə görə bu gün məlum mənzərə özünü göstərməkdədir.

AzNews.az