“Gedib müxalifətçilərin telini sığallayası deyilik ki” – Müsahibə

"Ağac qırılıb müxalifətçilərin üstünə düşsə, deyəcəklər, iqtidar bunu bura qəsdən əkib"

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov AzNews.az-ın suallarını cavablandırıb.

- Siyavuş müəllim, ölkədəki seçkiöncəsi durumu necə qiymətləndirirsiz?
- Bilirsiniz ki, 22 nəfər prezidentliyə namizədliyini irəli sürmüşdü. Onlardan bir nəfər namizədlikdən imtina etdi, digərləri qeydiyyatdan keçərək, imza vərəqəsi aldı. Bunlardan da bir neçəsi imza vərəqələrini gətirə, bir neçəsi isə tələb olunan 40 min imzanı toplayıb təqdim edə bilmədi. Qalan bütün namizədlər isə qeydiyyatdan keçiblər və istər imza toplama kampaniyası, istərsə də ondan sonrakı proseduralarda heç bir qanun pozuntusu olmadan, heç kəs heç bir təzyiq görmədən bu proses davam etdirir. Hər bir namizəd üçün müəyyənləşdirilmiş bərabər şərait var. İstər ödənişsiz efir vaxtı, istər qəzetlərdə, istərsə də görüşlər, mitinqlər, başqa-başqa tədbirlər də hamısı öz qaydası ilə gedir. Ümumilikdə götürdükdə seçkinin başa çatma müddətinə iki həftə qalıb və hələlik bu müddət ərzində də heç bir qanun pozuntusuna yol verilməyib.

- Amma həm namizədliyi qeydə alınmayanların məhkəmə şikayətlərini görürük, həm də namizədliyi qeydə alınanların prosesdən narazılığını...
- Məhkəməyə müraciət edənlər lazım olan imzaları toplaya bilməmişdilər. MSK həmin adamları zorla qeydə almayacaqdı ki. Hər bir namizədin sənədləri yoxlanılıb, kimlər ki, qanunun tələblərinə uyğun prosesi yerinə yetirib, onlar da qeydə alınıb.

- Bu il də seçki prosesində namizədlərin qarşılıqlı ittihamları təhqir həddinə çatdı. Sizcə normal seçki prosesi keçirmək mümkün deyilmi ki, belə qarşılıqlı ittihamlar da gündəmə gətirilməsin?
- Bütün dünyada seçki kampaniyaları dövründə belə gərginliklər olur. Bu, təbii haldır və dünyanın hər bir yerində var, elə ki, seçki başladı, kompromat savaşı başlayır. Hansı ki, bəziləri görürsən düzgün olmayan məsələləri ortaya atırlar, bəziləri də həqiqəti ortaya qoyurlar. Bu baxımdan bizim tərəfimizdən heç kəsə qarşı təhqiramiz ifadə işlədilməyib. Əksinə, müxalifətin keçirdiyi mitinqlərdə, onların teledebatlarında bizim namizədimizə, səlahiyyətli nümayəndələrimizə qarşı olmazın təhqiramiz ifadələr işlədilib. Bu da onların xislətindən irəli gəlir.

- Amma iddialar var ki, ittihamlarla yanaşı, rəqib, müxalif düşərgəyə qarşı təzyiq metodlarından da istifadə olunur...
- Hansı təzyiqdən söhbət gedə bilər?

- Məsələn, AXCP sədri Əli Kərimlinin oğlunun həbsi, KXCP üzvü, Milli Şura namizədinin mətbuat katibi Oktay Güləliyevin oğlunun bıçaqlanmasını çoxu təsadüf saymır...
- Bunlar hamısı şər, böhtan və yalandır. Kimin oğlu, yaxud da qızı olmasından asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Kimsə qanunu pozacaqsa və fikirləşəcəksə ki, bunun atası partiya sədridir, buna toxunmaq olmaz, bu, çox yanlış fikirdi. Bu baxımdan həmin insanlar qanunu pozub, bu hadisə də baş verib. Və yaxud da digərinin oğlu kiminləsə gedib savaşıbsa, bunun iqtidara nə aidiyyəti var? Eyni zamanda bunun prezident seçkisinə nə aidiyyəti var? Bu hadisə onun oğlu olmasına görə deyil ki. O, kiminləsə, sözləşib, sözü çəp gəlib. Bakı şəhərində nə qədər adam bir biri ilə savaşır, avtomobil qəzaları baş verir və yaxud da kiminsə evi yanır. Siz bütün bunlar haqqında istər mətbuatdan, istərsə də DİN-dən məlumat ala bilərsiniz. İndi bütün bunların məsələyə nə aidiyyəti var, mənim başım çıxmır, anlamıram. Müxalifət nümayəndələrindən kimsə yoldan keçəndə hardasa bir ağac qırılıb üstünə düşsə, deyəcək, iqtidar bunu qəsdən bura əkib ki, mən burdan keçəndə qırılıb düşsün başıma. Bilirsiniz ki, Əli Kərimlinin oğlu barəsində plakatları cırmaqla və polisə tabe olmamaqla bağlı inzibati xətalar məcəlləsinə uyğun olaraq müəyyən ölçü götürülüb. Bəzən müxalifətçilər hər şeyə əl atırlar ki, onlar həbs olunsun, bundan özlərinin piarı kimi istifadə etsinlər, hay-küy salsınlar. Məsələn, sonuncu mitinqdə onlara iki saat vaxt verilmişdi, amma müddət bitib və hələ müddətdən bir 10 dəqiqə də keçib. Bunlar orda durub qışqırırlar ki, polis bunlara müdaxilə eləsin. Polis də səbirlə durub gözləyir.
Gedib müxalifətçilərin telini sığallayası deyilik ki.Bunlar həmişə provokasiyaya çəkirlər, ömür boyu bu addımları atıblar. Yəqin ki, sizin də məlumatınız var, iki nəfər uzun müddət polis işləmiş serjantlar polis orqanlarından uzaqlaşdırıldılar. Nə var, nə var onlar jurnalistə təzyiq göstərmişdilər. Onlar müraciət etdilər və mən onları qəbul etdim. Mən onlardan soruşdum ki, uzun müddətdir polis işləyirsiniz, xeyli təcrübəniz var, birinci gün deyil, polis sistemində işləyirsiniz. Nəyə görə belə etmisiniz? Dedilər, artıq bizi o həddə gətirib çıxardılar ki, müdaxilə etməkdən başqa imkan qalmırdı. Valideynləri təhqir edirlər, yəni provokasiyaya çəkirlər. Bu cür insanlar da öyrədilmiş insanlardır.

- Hesab edirsiniz ki, polisin bütün müdaxilələri haqlıdır?
- Polis qanunsuzluğun qarşısını alır, qanunu qoruyur. Polis deyir ki, qanunla burda kütləvi aksiya keçirmək olmaz. O da deyir yox, mən burda kütləvi aksiya keçirəcəm. Polis deyir ki, get Bakı Şəhər İcra Hakimiyyətindən icazəni al, gəl burda nə qədər istəyirsən qışqır, nə qədər istəyirsən danış. O da deyir yox, mən burda icazəsiz aksiya keçirəcəm. İndi polis burda neyləməlidir?

- Mitinqlərin demək olar əksəriyyətində sizi də aksiyanı müşahidə edənlər arasında görürük. Bunu nə ilə izah edərdiniz?
- Bu ondan irəli gəlir ki, biz iqtidar partiyasıyıq, hər keçirilən tədbiri də özümüz müşahidə edirik. Mətbuatdan da görürsünüz, əsas say məsələsidir. Biri yüz adam yığmır, amma çıxıb deyir on minlərlə adam aksiyada iştirak edir. Mitinqlərdə də iştirakım həm bununla, həm də bilavasitə partiya işi ilə bağlıdır.

- Qeyri-dəqiq rəqəmlərin səslənməsini nə ilə izah edərdiniz?
- İndi artıq texnologiya əsridir, müasir texnologiyalar mövcuddur. Müxalifətin deməyi ilə deyil ki. Adicə bir aparatı qoymaqla oradakı sayın hamısını yazılı şəkildə göstərir ki, mitinqdə nə qədər adam iştirak edir. Ona görə də müxalifət nə deyir desin, nə qədər şişirdir şişirtsin. Elə axırıncı mitinqi götürək, təxminən 1000-1500 civarında adam iştirak edirdi. Bəziləri deyir 2000 nəfər vardı. Ondan o tərəfə insan yox idi. İsa Qəmbər on min adamın iştirak etdiyini deyir. O, ağ yalan danışır, özü də bütün Azərbaycan xalqına. Ora on min adam yığsan, həmin stadion ağzına kimi, küçəyə qədər tamamilə dolar. Hər bir şeyin standartı var və bir kvadrat metrdə neçə nəfər dura bilər, mitinqlər vaxtı nə qədər adam iştirak edə bilər, bütün bunların hamısı ölçülü-biçili məsələlərdi. Bunun qabağında yalan danışmaq mümkün deyil. Burdan hüquq-mühafizə orqanları da, ayrı-ayrı müvafiq strukturlar da tam dəqiq məlumat verirlər ki, bu qədərdir. Tutaq ki, onu min nəfər azaltsan nə olacaq? Amma bunlar həddindən artıq bu rəqəmləri şişirdirlər.

- Sizcə etiraz doğuran hər hansı bir məsələyə görə keçirilən aksiyada say önəmlidir?
- Birincisi say əlbəttə ki, əsas məsələlərdən biridir. Bu o deməkdir ki, səni nə qədər insan dəstəkləyir. Əgər sən deyirsənsə ki, mənim sosial bazam, elektoratım var, istəyirsən get Ərdəbildə mitinq keçir. Həmin sosial baza, elektorat sənin arxanca gedəcək. Əgər sənin sosial baza, elektoratın yoxdursa, heç kim gəlməyəcək. Fikri internetdə deməklə milyonlarla insan oxuyur. Amma bunlar canfəşanlıq edirlər, bunların beyinlərində təxminən 90-cı illər qalıb. Təbii ki, o vaxt internet yox idi, televiziya yox idi, mətbuatda məlumatlar getmirdi. İndi ölkənin bu başından o başına qədər hər yerdə istənilən an, istənilən dəqiqə, istənilən saat məlumat alınır. Əgər hansısa ideyan, fikrin varsa, internetdə müsahibəni verirsən, saytlara qoyulur və saytlara da girib oxuyurlar. Mitinqdə deməklə, saytda deməyin heç bir fərqi yoxdur. Əksinə burda daha geniş auditoriya mövcuddur. Sadəcə bunların psixologiyası budur. Elə bilirlər ki, bundan psixoloji təzyiq vasitəsi kimi istifadə edəcəklər.

- Seçkilərdə qalib gələcəyinizə tam əminsinizmi?
- Biz əlbəttə ki, qalib gələcəyik, biz artıq qalibik. Biz özümüzə alternativ görmürük. Digər namizədlər artıq öz aralarında hansısa faizi bölüşdürə bilərlər. Çünki bu gün Azərbaycanda görülən işlər, aparılan islahatlar, həyata keçirilən tədbirlər, əhali ilə baş tutan görüşlərimiz onu göstərir ki, biz böyük əksəriyyətin səsini alacağıq. Bu gün bütün sosioloji sorğular da göstərir ki, bizim namizədimiz digər namizədlərin hamısının birlikdə səsindən çox, böyük əksəriyyətin səsini qazanacaq.

Semra Türkel
AzNews.az