- Köhnə - Siyasət
- 3 Fevral 2014 09:48
- 6 233
Adil Əliyev-Müsavat polemikasına qərargah rəhbərindən sərt CAVAB

9 il əvvəl baş vermiş hadisə ilə bağlı yaranan polemikaya Adil Əliyevin 2005-ci ildə seçki qərargahının rəhbəri olmuş Oqtay Sadıqovdan cavab gəlib. AzNews.az O.Sadıqovun məktubunu təqdim edir: "Musavat.com saytında 2 fevral tarixli "Musavatdan Adil Əliyevə sərt cavab verildi" adlı yazıda Musavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Adil Əliyevin 6 noyabr 2005-ci il Milli Məclis seçkilərində Nərimanov 20 saylı II seçki dairəsindən seçki kampaniyasını qeyri-obyektiv və arxadan atılan daş effekti verən bir tərzdə şərh etməyə çalışmışdır. Bəri başdan ümidliyik ki, cavab haqqımız tanınır, bu yazı musavat.com saytında və "Yeni Müsavat" qəzetinin növbəti nömrəsində işıq üzü görəcəkdir. Siyasi polemika məsələlərinə gəldikdə əvvəlcə qeyd etmək istərdim ki, 1995-2000-2005-2010-cu illərdə seçki mütəxəssisi kimi parlament seçkilərində iştirak etmiş, 2000-2002-ci illərdə Qərb Universitetində "Seçki nəzəriyyələri və texnologiyaları" fənnindən mühazirələr oxumuşam, siyasi elmlər magistriyəm. 2005-ci il Milli Məclisə seçkilərdə Adil Əliyevin səlahiyyətli nümayəndəsi və qərargah rəhbəri olmuşam. Bizlərin hər biri kimi mənim üçün də 2005-ci il seçkiləri heç də asan olmayan siyasi mübarizə şəraitində baş vermişdir. O dövrkü "Azadlıq" blokundan dairə üzrə namizəd, Müsavat başqanı İsa Qəmbərə gəldikdə qeyd etməliyəm ki, İsa bəy dairə ərazisində Arif Hacılının söylədiyi kimi 4 yox, yalnız 2 görüş keçirmişdir. Bu görüşlər də seçicilərlə görüşdən daha çox köçürülmə elektoratın bir dairə ərazisindən digərinə müvəqqəti ötürülməsi yolu ilə baş vermişdir. Böyük ehtimalla blok siyasətinin üstünlüklərilə yanaşı fəsadları da bu seçki kampaniyasında öz sözünü demiş, seçicilər İsa bəyin onlarla hansısa bir başqa görüşünün şahidi olmamışlar.
"Tamada, molla" və başqa epitetlərlə şərh vermək fikrindən də xeyli uzağam. Sadəcə qeyd etmək istərdim ki, dairə ərazisində seçicilərə məhz hörmətli münasibət, onların əmək, sosial və konstitusion hüquqlarının təminatçısı olmaq missiyasını Adil Əliyev həqiqətən də icra edə bilmiş və bu gün də etməkdədir. İnsanın hansı peşə sahibi olmasının isə seçki nəticələrinə heç bir aidiyyəti ola bilməz və ümidliyəm ki, Müsavat Partiyasının rəhbərliyi də bu aksiomanı qəbul edir.
Arif Hacılının Avropa Məhkəməsinin İsa Qəmbərin lehinə qərar qəbul etməsi ilə bağlı söylədiklərinə gəldikdə isə demək istərdim ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar bu seçkilərin beynəlxalq hüquqi və siyasi nəticələrini tanımışlar və deməli habelə Nərimanov 20 saylı II seçki dairəsi üzrə də. Avropa və ümumiyyətlə Qərb qurumlarının ikibaşlı oyunlarının isə çox şahidi olmuşuq, elə Musavat Partiyası da...
Bircə bu faktı da xatırlatmaq yerinə düşər ki, 2005-ci il 6 noyabr seçki günü dairə ərazisində "exit-poll" keçirən ABŞ-ın "Mitofskiy İnterneşnl" və Estoniyanın "Saar-pols" təşkilatları da qələbəni müvafiq olaraq 39 faiz və 41 faiz göstəricilərilə Adil Əliyevə vermiş və bu göstəricilərlə mərkəzi seçki komissiyasının göstəricisi (47.4 faiz) arasında cəmi 5-6 faizlik xəta olmuşdur ki, bu da seçkisonrası rəy soruşma texnologiyaları baxımından normal xəta fərqi hesab olunur. Bu da belə...
Sonda Müsavat Partiyasına Milli Şura kimi siyasi avanturalara bir daha baş qoşmamaq və siyasi müttəfiq seçimində daha diqqətli olmaq arzusu ilə".
Elnur
AzNews.az