VİP sədrindən birlik təklifi: “... hakimiyyətin xeyrinədir”

"Müxalifətin parlament seçkisi öncəsi birliyinə nail olunması məqsədilə düzgün təşkilatı qərarlar qəbul olunmalıdır. Əks halda seçkiyə təsir göstərəcək bütün amillər hakimiyyətin xeyrinədir".


Bunu AzNews.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev deyib. Ə. Əliyev bildirib ki, hələlik VİP də parlament seçkilərinə hansı partiya ilə əməkdaşlıq çərçivəsində gedəcəyinə dair özünün də qərarı mövcud deyil:

"Buna baxmayaraq, bəzi partiyalarla müzakirələr gedir. Artıq həmin söhbətləşmələrdə bir neçə təkliflər də irəli sürülüb. İndi danışıqlarda iştirak edən partiyaların adını çəkmək istəmirəm. Bu etik baxımdan düzgün olmaz. Seçkilərdə birgə iştirak təklifi ilə çıxış edən müəlliflər arasında qruplaşmış bloklar da, ayrı-ayrı partiyalar var. Amma bu partiyaların bir yerdə olması bizə bir qədər mürəkkəb görünür.

Ona görə də danışıq apardığımız, bizə təklif verən partiyaların adlarını çəkmək istəmirik ki, kiminləsə əməkdaşlıq baş tutmayanda onların təklifi yerə düşmüş sayılmasın".

Ə. Əliyev qeyd edib ki, artıq müxalifətin geniş miqyaslı birliyi məsələsi gündəmə gəlməlidir:

"Son prezident seçkilərində də bəlli oldu ki, görüntü xarakterli birliklər fayda vermir. Bu baxımdan müxalifətin daha geniş birliyinin yaranması zərurəti ortaya çıxmalıdır".

Əhməd
AzNews.az