- Köhnə - Siyasət
- 23 May 2014 12:45
- 6 261
Müxalifətdən hökumətə dəstək - AŞPA-nın qərarı ədalətsizdir
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib ki, bu məsələdə Azərbaycan hökumətinin mövqeyini dəstəkləyir: "Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan Ermənistan vasitəsi ilə getmək defakto, DQ-nin bir başa müstəqilliyini tanınması deməkdir. Azərbaycan dövləti bundan əvvəl də bəyanat verib və bildirib ki, DQ-ya Azərbaycan hökumətinin icazəsi olmadan getmək qanunsuzdur və bu, həmin şəxsin torpaqlarımızın işğalında iştirak etməsi deməkdir. Hesab edirəm ki, beynəlxalq missiya bu məsələdə həssas olmalı, problemi dərindən bilməli və addım atarkən də bunun nəticələrin düşünməlidir. Mən şəxsən Azərbaycan hökumətinin Rene Rukeyə qarşı sanksiyaların tətbiq etməsini alqışlayıram. Azərbaycan bu sanksiyanı bütünlüklə o adamı yox, istənilən DQ-ya icazəsiz səfər edən şəxsləri ölkəmizə girişini qadağan etməlidir".
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə vurğulayıb ki, Azərbaycan hökumətinin icazəsi olmadan Dağlıq Qarabağa qeyri-qanuni səfər edən Rene Rukeyə AŞPA-nın haqq qazandırması və məsələ ilə bağlı belə bir qərar verməsi təəssüfedicidir. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın işğalçılıq siyasətini pisləyən AŞ PA-nın belə bir qərar verməsi təəssüf hissi doğurur və bu, ədalətli hesab edilə bilməz: "AŞPA iclasda Azərbaycanın ərazi bütövlüyünü pozan nümayəndəsinə qarşı məsələ qaldırsaydı, daha yaxşı olardı".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də vurğulayıb ki, Azərbaycan tərəfinin Reno Ruko ilə bağlı tutduğu mövqeyi dəstəkləyir: "O diplomatik statusuna uyğun olaraq Dağlıq Qarabağa səfər edən zaman Azərbaycan hökuməti ilə bu məsələni razılaşdırmalı idi. Ona viza verilməməsində Azərbaycan tərəfi haqlıdır". Bütün bunlarla yanaşı, partiya sədri Azərbaycan hökumətinin Qərblə ehtiyatlı olmağı tövsiyə edib: "Son zamanları hökümət nümayəndələrinin Qərbə qarşı olan çağırışları çox təhlükəlidir".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli də öz növbəsində qeyd edib ki, Avropa Şurasının qəbul etdiyi və yaxud etmədiyi qərarların hər birində Azərbaycan dövlətinin maraqları qorunmalıdır: "1992-1993-cü ildə Dağlıq Qarabağla bağlı BMT-nin dörd qətnaməsi var. AŞPA-da qərar deyil, tövsiyə verən bir qurum kimi Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağırmalıdır. Təəssüfedici haldır ki, biz bunun əksin görürük. Avropa Şurasının bu qərarını qəti şəkildə pisləyirəm. Baxmayaraq ki, Azərbaycan iqtidarı az qala hər vəchlə beynəlxalq təşkilatların bu ölkədən üz döndərməsinə çalışır, amma bu məsələdə mən dövlətin mövqeyini dəstəkləyirəm".
Müsavat başqanının müavini Gülağa Aslanlı isə bir qədər fərqli düşünür. O deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan xarici ölkə diplomatlarının və yaxud digər şəxslərin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımıza səfərində qeyri-adi bir şey görmür: "Bu vaxta qədər də belə hallar çox olub. Azərbaycan hökuməti işğal olunumş ərazilərə icazəsiz səfər edən bütün diplomatlarla əlaqələri kəsməli və onlar haqqında bütün məlumatları dünyaya yaymalıdır".
Amid
AzNews.az