ATƏT PA-nın rəhbəri: “Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil“

"ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil". Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bunu ATƏT Parlament Assambleyasının rəhbəri Rikardo Miqlioru Strasburqda Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransı çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə deyib.

Görüşdə Assambleya rəhbəri təşkilatla Azərbaycanın əlaqələrini yüksək qiymətləndirdiyini bildirib. Assambleyada ölkəmizin nümayəndə heyətinin daim yüksək səviyyədə iştirak etdiyi vurğulanıb. Miqlioru ölkəsində Azərbaycana, Prezident İlham Əliyevin siyasi kursuna böyük rəğbət bəslənildiyini bildirib. Əsədov ATƏT Parlament Assambleyasının rəhbərinə səmərəli fəaliyyətinə, bir çox məsələlərdə tutduğu prinsipial mövqeyə və ölkəmizə qarşı xoş münasibətinə görə minnətdarlığını bildirib.

Milli Məclisin sədri, həmçinin Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonla görüşüb. Görüşdə ölkəmizlə bu qurumun münasibətləri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

Strasburqa səfəri çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Moldova parlament nümayəndə heyəti ilə də görüşü keçirilib. Oqtay Əsədov və moldovalı həmkarı Marian Lupu istər ikitərəfli, istər beynəlxalq təşkilatlar, istərsə də GUAM çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ədil
AzNews.az