Tanınmış avtoritetin əmisi oğlunu bıçaqlayan şəxs qətlə yetirildi Tanınmış avtoritetin əmisi oğlunu bıçaqlayan şəxs qətlə yetirildi

Paytaxtda silahlı insident

Tanınmış avtoritetin əmisi oğlunu bıçaqlayan şəxs qətlə yetirildi



Azərbaycan paytaxtında silahlı insident olub. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Xəzər rayonunun Albalılıq yaşayış massivində qeydə alınıb. Bakının Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Ramil Babayevin Albalılıq yaşayış massivində güllələnmiş meyiti tapılıb.

Polis əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. R. Babayevi güllələyərək qətlə yetirməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Maştağa sakini, 1968-ci il təvəllüdlü Quliyev Ağamirzə Ələkbər oğlu saxlanılıb. Ondan hadisədə istifadə etdiyi tapança götürülüb.

APA-nın əldə etdiyi məlumata görə, hadisəni törədən və hadisə zamanı dünyasını dəyişən şəxslərin hər ikisi kriminal aləmlə sıx əlaqəlidir. Belə ki, hadisə zamanı qətlə yetirilən R. Babayev bir neçə gün əvvəl Bakının Maştağa qəsəbəsində Səttar Xudaverdiyevi bıçaqlayıb. S. Xudaverdiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. R. Babayev isə polis tərəfindən axtarışa verilib. Məlumata görə, R. Babayevin bıçaqladığı S. Xudaverdiyev tanınmış avtoritet Amil Xudaverdiyevin əmisi oğludur. R. Babayevin qətlinə də avtoritetlər qərar verib. Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.

AzNews.az