Tarixdəki matəm günləri ləğv edilsinmi?

Deputatın təklifinə tanınmışların reaksiyası birmənalı oldu



Mehriban Vəzir: "Türk dünyasının mövcudluğuna bu cür maneənin olduğunu göstərmək gülməlidir"

Mirmahmud Mirəlioğlu: "Matəm günlərini yalnız torpaqları azad etməklə ləğv etmək olar"

Xalid Kazımlı: "Elə günlər var ki, onları unutmaq heç cür olmaz və mümkün deyil"

Bu günlərdə deputat Fazil Mustafa Azərbaycan-Türkiyə Evinin (ATEV) Mahmud Kaşğari Türklük Onur Ödülünün təqdimetmə mərasimində tariximizdəki matəm günlərinin ləğv edilməsi təklifi ilə çıxış edib. Deputat Türk Dünyasının yaranması üçün ilk növbədə tarixdəki matəm günlərinin ləğv edilməsinin vacibliyini vurğulayıb.

"Başlamalı olduğumuz işlərdən birincisi tariximizdə, bu günümüzdə bütün matəm günlərini ləğv etməkdir. Bu qədər ağlamaqla normal düşüncə sahibi olmaq tərs mütənasibdir. Qısası, melanxolik bir millət olmaqdan qurturmalıyıq", - deyə o qeyd edib.



Deputatın bu fikri isə bir mənalı qarşılanmayıb. Milli-azadlıq hərəkatının fəallarından və ünlü simalarından biri olan yazıçı-publisist Mehriban Vəzir Türk Dünyasının yaranması üçün bu cür maneənin olduğunu söyləməyin gülməli olduğunu bildirdi: "Hər bir xalqın taleyində matəm günləri var. Azərbaycan xalqının taleyində bu günlər çoxdur. Biz onu daha çox simvollaşdırmışıq - 20 yanvar, 26 fevralla. Azərbaycan uzun müddət işğal altında olub. Ətrafında düşmənləri çox olub və bu xalqa çox müsibətlər yaşadıblar. Ancaq xalqımız dözümlü xalq olduğu üçün bu qədər müsibətlərə dözüb və ölməyib. Matəm gününü qeyd etmək ağlaşma deyil. Sadəcə olaraq yad etməkdir. Bu mütləq olmalıdır. Bizim mövcudluğumuz uğrunda şəhid olanları yad etməli, unutmamalıyıq. Türk dünyasının mövcud olması üçün bu cür bir maneənin olduğunu göstərmək bir az gülməlidir. Çünki maneələr çoxdur. Maneələr ictimai, siyasi, şurlardakı əngəllərdir. Bu əngəlləri aradan qaldırmaq üçündə böyük mütəfəkkirlər lazımdır ki, tədqiqatlar aparsın və o əngəllərin dəf olunması üçün böyük strateji bir iş başlatsın. Türk dünyasının ziyalıları bu işlə məşğul olmur. Bəlkə total şəkildə nəsə etməyə çalışırlar. Ancaq qlobal şəkildə bu işin nə nəzəri nə də əməli tərəfi işlənib hazırlanır".



KXCP sədri Mirmahmud Mirəlioğu matəm günlərinin yalnız torpaqları azad etməklə ləğv etməyin mümkün olduğunu söylədi: "Matəm günləri tarixdə mütləq ləğv edilməlidir. Bu da əsgərlərimizin qüdrəti ilə, torpaqlarımızı azad etməklə, qisas almaqla həyata keçirilməlidir. O zaman avtomatik olaraq matəm günləri ləğv ediləcək və onları zəfər günləri əvəz edəcək. Bu cür düşünən insanlar ardını da söyləməlidir. Cümlədə mübtədanı deyib xəbəri deməmək doğru deyil. Deyilməlidir ki, 20 yanvar gününü biz qisas gününə çevirəndən sonra Rusiya ilə bütövlükdə bərabər hüquqlu dövlət kimi danışandan sonra 20 yanvarı yalnız belə xatırlayacağıq ki, 20 yanvarda şəhidlərimiz olub, onları ziyarət edib, oradan da döyüşə gedib qələbə, zəfər raportunu qeyd edirik. Bu günü də şəhidlərimizi ziyarət edib, zəfər havası altında qeyd edəcəyik".

Musavat.com saytının baş redaktoru, yazar Xalid Kazımlıya görə, elə günlər var ki, onların unudulması mümkünsüzdür: "Matəm günlərinin, digər qara günlərin sayı absurd dərəcədə çoxdur. Bunların içində soyqırım qətliamları günləri, rayonların işğal edilməsi günləri var. Onların bir qismi təbii olaraq sıradan çıxa bilər. Məsələn, rayonlarımız işğaldan azad olunsa, hamı torpaqların azad olunduğu günü qeyd edəcək, işğal günləri yaddan çıxacaq. Ancaq elə günlər var ki, onları unutmaq heç cür olmaz və mümkün deyil. 20 Yanvar faciəsi xalqın qan yaddaşına hopmuş bir matəm günüdür. Onu ləğv etmək nəinki düzgün, heç mümkün də deyil. Bununla belə, mən də ildə on iki ay ağlaşma-şivən qurmağın əleyhinəyəm. Matəm günlərinin ləğvinin türk dünyasının birləşməsi prosesinə nə kimi töhfə verə biləcəyini isə, düzü, bilmirəm".

(musavat.com)