- Köhnə - Siyasət
- 9 Aprel 2015 18:43
- 2 964
“Milli Şuranın piketi ilk Avropa Oyunlarına qədər davam edəcək”
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın mitinqlərinin davam edəcəyi barədə məsələyə və Müsavat Partiyasının yürüş keçirəcəyi ilə bağlı məlumata münasibət bildirib.
S.Novruzov qeyd edib ki, bunların hamısı bir sifarişdir: "Bunların məqsədi ondan ibarətdir ki, xaricdən verilən sifariş əsasında, həm də ayrılan maliyyə əsasında bu prosesləri həyata keçirsinlər və dünya ictimaiyyətini, ayrı-ayrı dövlətləri çaşdırmaq üçün bizi istəməyən qüvvələrin, erməni lobbisinin, müxtəlif QHT-lərin dəstəyi ilə bu addımları atsınlar. Onların piketləri ilk Avropa Oyunlarına qədər davam edəcək. Bu hərəkətləri "Eurovision" mahnı müsabiqəsi keçirilərkən də görmüşük və indi bu hərəkətlərin təkrar olunması heç də təsadüf hesab olunmamalıdır".
Millət vəkili Milli Şura ilə Müsavat Partiyası arasında da mübarizənin getdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Müsavat Partiyası mitinq keçirməkdə tərəddüd edir: "Çünki qorxur ki, Milli Şuradan az adam toplasın. Keçən dəfə biabırçı bir hal baş verdi. Buna görə də tərəddüd edir. Amma hər ikisi sifarişli olan bir məsələdir. İnsanlar da bunu yaxşı başa düşür və ona görə də heç kim onların piketlərinə gəlmir".