- Köhnə - Siyasət
- 11 Oktyabr 2012 05:38
- 4 722
“Gülərin başına gələnlər Allahın möcüzəsidi”

Məlahət Zeynallı: “Əvəz bəy Gülər xanıma qarşı iddia qaldırmaq fikirdə deyil”
Bir neçə gün bundan öncə mətbuat səhifələrində həbsdə olan Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallının müəyyən qüvvələr tərəfindən öyrədildiyi haqqında məlumat dərc olundu.
M.Zeynallı AzNews.az-a açıqlamasında bütün bunların əsassız olduğunu bildirib: "Bizim arxamızda heç bir qüvvə yoxdur. Sadəcə biz müstəqil insanlarıq və hadisələri analiz etmə qabiliyyətindəyik. Biz bəyəm bu günə kimi hər hası qüvvənin sifarişi ilə danışırdıq?"
M.Zeynallının sözlərinə görə, ört-basdır edilən həqiqət artıq ortadadır: "Hər şey göz qarşısındadır. Əgər bizi hər hansı bir qüvvə müdafiə etsəydi, bu duruma düşməzdik. Hərə öz arşını ilə ölçür. Əvəz bəy birinci gündən deyirdi ki, heç vaxt Allahsız hərəkət etməyin. Bir gün Allah Azərbaycana gələcək. Məhkəmə başlayandan iki müstəntiq cəzalandırılıb, işdən kənarlaşdırıldı. Ədalət var, bunu heç bir şeylə əlaqələndirmək olmaz. İnsanlar addım atanda fikirləşməlidir. Biz qanuni dövlətdə yaşayırıqsa, zəhmət çəkib cinayət törətməsinlər, qanunlara riayət etsinlər".
Baş verən hadisələrdən kənarda olduğunu deyən M.Zeynallının fikrincə, onların G. Əhmədova olayından qazancı sadəcə, ictimai bəraət oldu: "Elə adamlar vardı ki, onlar bütün bunların baş verdiyini fikirləşirdi. Bəlkə həqiqətən belə şeylər olub? Amma hadisələr sübut etdi ki, bütün bunlar Əvəz bəyə qarşı şər və böhtandır. Gülər xanımın olayı heç nəyi dəyişmir. Çünki bizdə bir sistem var və hər şey onun axarı ilə idarə olunur. Heç kəs aktivlik göstərmək istəmir. Gülər Əhmədovanın olayını onun xidmətləri sayəsində düz bir il əvvəl biz yaşadıq. Onu bizə məhz Gülər Əhmədova yaşatdı. Evimizdə şantajedici kaset axtarıblar. Halbuki biz bunu bilməmişik. İndi bu kasetlər onun öz evində axtarılır. Allah elə gətirdi ki, hadisələr paralel gedir. Bu Allahın bir möcüzəsidir. Əvəz bəyin anası bir il bundan əvvəl belə bir söz işlətmişdi: "Belə adamlar hakimiyyətin adına ləkə gətirir".
Amma mətbuat orqanlarının heç biri bu cümləni çapa vermədi. Həmin hissə kəsildi. Mən indi həmin lenti tapmışam. Həmin partiyanın rəhbər vəzifədə oturanları bu gün deyir ki, Gülər xanım hakimiyyətin adına ləkədir. Əgər bu xanım hakimiyyətin adına ləkədirsə, o zaman Əvəz bəy niyə hələ həbsdədir? Buna baxmayaraq, Əvəz bəy üçün yeni şahidlər gətirilir, dindirilir. Gülər Əhmədova Əvəz Zeynallı kartını heç vaxt aça bilməz".
Sonda M.Zeynallı dedi ki, Gülər Əhmədova ilə bağlı iddia qaldırmayıblar: "Gülər xanıma qarşı iddia qaldırmamışıq. Heç Əvəz bəy də bu fikirdə olmayıb".
Bahar Rüstəmli
AzNews.az