Zərdüşt Əlizadə: “İran Azərbaycandan heç nə istəmir” Zərdüşt Əlizadə: “İran Azərbaycandan heç nə istəmir”

İran prezidentinin Bakı səfərinin gizlinləri

Zərdüşt Əlizadə: “İran Azərbaycandan heç nə istəmir”



Natiq Miri: "Bəzi məsələlər aydınlaşdırılmalıdır"


Sabah Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (IƏT) üzv ölkələrin dövlət başçılarının XII zirvə görüşünə İran prezidenti Mahmud Əhmədinejad da qatılacaq. Eyni səfər çərçivəsində İranın xarici işlər naziri Əli Əkbər Salehi də Azərbaycana gələcək.

Politoloq Zərdüşt Əlizadə AzNews.az-a deyib ki, İran prezidentinin Azərbaycana səfərinin məqsəd bəllidir: "İran çalışır ki, Şimal qonşusu ilə münasibətləri normallaşsın. Azərbaycan da, həmçinin, qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmağa çalışır. Əslində, İran Azərbaycandan heç nə istəmir. Əvvəllər iqtisadi imkanlar tələb edirdi. Bu, mümkün olmadı".

Ekspert qeyd edib ki, İran İsraillə Azərbaycan arasında olan dost münasibətlərin ona qarşı çevrilməməsinə cəhd edir. Buna görə də maksimum balansı qorumağa çalışır.

Siyasi şərhçi Natiq Miri də hesab edir ki, İran Azərbaycanla münasibətlərində gərginliyi aradan qaldırmağa çalışır: "Bu səfər İqtisadi Əməkdaşlıq Təşkilatı ilə (İƏT) bağlı olsa da, məqsəd başqadır. Belə toplantılarda ikitərəfli görüşlər də olur və bundan əlaqələrin daha genişləndirilməsi üçün fürsət olaraq istifadə edirlər. Əhmədinejadın səfərində də ikitərəfli münasibətlərin müsbət məcraya yönləndirilməsi üçün cəhd olunacaq. Xeyli qarşılıqlı suallar var ki, onlara cavab tapmağa çalışılacaq.

Politoloq əlavə edib ki, bu münasibətləri isti məcraya yönəltmək üçün hər iki dövlətdə siyasi iradə və istək var: "Bəzi anlaşılmazlıqlar var ki, onlar aydınlaşmalı və bu məsələlərə nöqtə qoyulmalıdır. Bütövlükdə bu, hər iki qonşu dövlət üçün müsbət addım olacaq".

İlkin Pirəli
AzNews.az