- Köhnə - Siyasət
- 11 İyun 2015 13:04
- 4 244
“Milli Məclisdə ən çox şikayət alan deputat mənəm” – Müsahibə
Millət vəkili Fazil Mustafanın AzNews.az-a müsahibəsi:
- Fazil bəy, məlumdur ki, noyabrın 1-də ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Düzdür, bu haqda indidən danışmaq hələ tezdir, çünki Azərbaycan ictimaiyyətini hazırda I Avropa Oyunları düşündürür. Ancaq bu mötəbər yarışdan sonra diqqət seçkilərə yönələcək. Siz Böyük Qurtuluş Partiyasının lideri kimi bu seçkiyə qatılacaqsınız?
- Böyük Qurtuluş Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Bu yaxınlarda partiyada bununla bağlı iclas keçirildi, orada bununla bağlı qərar qəbul olundu. Çalışacağıq ki, bütün dairələrdən partiya üzvlərimizin namizədlyi irəli sürülsün. Seçilmək şansı olsa da, olmasa da namizəd olmalıdır, çünki partiyanın seçki prosesində aktiv olması lazımdır. Ümid edirəm ki, parlament seçkilərində partiyamız həm təşkilatı baxımından güclənəcək, həm də parlamentdə müəyyən dərəcədə təmsilçilik əldə etmək imkanı qazanacaq.
- Əgər proporsional sistem haqda qərar verilsə, partiyanızda o siyahıya kimlərin salınması haqda yekdil fikriniz varmı?
- Bu qərar istisnadır. Çünki artıq gecdir. Bilirsiniz ki, bunun üçün konstitusiyada dəyişiklik olmalıdır. Bu da uzun məsələdir. Ona görə də parlament seçkilərində proporsional sistem olmayacaq. Belə bir gözləntimiz yoxdur.
- Siz seçildiyiniz Sabunçu rayonunda deputat kimi gördüyünüz işlərdən razısınızmı?...
- Birinci növbədə bir deputat kimi səlahiyyət daxilində nəyi etmək mümkündürsə, onu da etmişik. Hesab edirəm ki, bu istiqamətdə də əsas məqsədimiz seçiciləri vaxtlı-vaxtında qəbul edib, onların problemləri ilə məşğul olmaqdır. Biz bu istiqamətdə hər həftə seçiciləri qəbul eləmişik, onların problemləri ilə məşğul olmuşuq. Ümid edirəm ki, bundan sonrakı dövrdə də seçicilərin problemlərinin həlli istiqamətində bundan sonra da addımlar atacağıq.
Bizim əsas məqsədimiz odur ki, seçicilər deputatlarını axtarmasınlar, onu vaxtında görüb, müraciət edə bilsinlər. Onların da problemləri ilə bağlı məsələlər deputat tərəfindən gündəmə gətirilsin. Mən də parlamentdə seçicilərin problemlərini diqqətdə saxlayıb, gündəmə gətirirəm.
Çətinlik odur ki, bəzi bürokratik maneələr var. O maneələrə görə, hər hansı bir şəkildə bəzən nəyisə həll edə bilmirik. Yerli strukturların, bələdiyyələrin fəaliyyətində elə məqamlar var ki, onlar bizə müəyyən dərəcədə mane olurlar. Amma buna baxmayaraq, biz bürokratik əngəlləri də çox vaxt aşmağa gücümüz çatır. Ümid edirəm ki, seçicilər hər halda öz millət vəkillərinin aktivliyindən narazı qalmayacaqlar. Biz təkcə Sabunçu qəsəbəsini əhatə etmirik, Bakıxanov da mənim seçki dairəmə aiddir.
Hesab edirəm ki, Bakıxanov qəsəbəsində insanların arzuladığı aktivliyi olmasa da, amma hər halda ən çox onların problemini dilə gətirən deputat kimi məndən narazı qalmayıblar. Müraciətlər barədə bizdə dəqiq uçot aparılır. Hər qəbul vaxtı, həm də bundan əlavə təkcə Sabunçu qəsəbəsi deyil, demək olar ki, bu gün Milli Məclisdə ən çox şikayət alan deputat mənəm. Şikayətçilərin çoxu parlamentə gəlir. Mənə bütün bölgələrdən şikayət müraciətləri ünvanlanır. Deputat yalnız seçildiyi rayona aid deyil. Seçki olaraq, həmin rayona aid olsa da, bütün Azərbaycanı əhatə edir. İl ərzində gələn şikayətlərdən bağlı dəqiq say söyləyə bilmərəm. 5 il ərzində 10 minlərlə müraciətə baxıb, əlaqədar instansiyalara göndərmişik. Bunların haradasa yarıdan çoxunu da müəyyən dərəcədə həll etmişik.
- Milli Məclisdə bir çox deputatların sanki ağzına "skoç" yapışdırılıb. Onlar nə cari məsələlərdə, nə ölkənin siyasi-iqtisadi və mədəni həyatında baş verən olaylara heç bir münasibət bildirmirlər. Fikrinizcə, belə insanları niyə deputat seçirlər?
- Bu artıq seçici ilə bağlı problemdir. Seçici baxmalıdır ki, onu kim təmsil edir? Hər kəs özünə cavabdehdir. Hər halda bu məsələdə vicdanımız qarşısında təmizik. Çünki hər ay hansı şərtlərdə olursa-olsun, həm əhalinin, həm də seçicinin ehtiyac duyduğu bütün məsələlərə diqqət yetirməyə çalışırıq. Bunun həllinə nə dərəcədə nail oluruq, nə dərəcədə olmuruqsa, bizdən asılı olmayan məsələlər var. Amma hər halda problemi diqqətdə saxlayırıq. Qalan həmkarlarıma bununla bağlı cavabdehlik daşımıram. Hər kəs seçici qarşısında məsuliyyət daşıyır. Bunun da qarşılığı yəqin ki, insanlardan alınacaq. Kim yaxşı işləyir, yaxşı qarşılıq alacaq, kim pis işləyirsə töhmət alacaq.
- Hansı deputatların yenidən seçilməsini istərdiniz?
- Mən hər halda ölkə həyatında daha fəal və dövlətə bağlı deputatların seçilməsini istərdim. Hər halda bu seçkilərdə 10-15 millət vəkili varsa, onun növbəti parlamentdə olmasını dövlətimiz üçün vacib olduğunu düşünürəm.
- Azərbaycanın son zamanlar Rusiya ilə əlaqələri daha da genişləndirməsi Qərbi və ABŞ-ı bərk qıcıqlandırır. Bunun Azərbaycana mənfi təsiri ola bilərmi?
- Əlbəttə, bunun müəyyən dərəcədə mənfi təsirləri var. Amma Azərbaycan real bir siyasəti izləyir. Mən də Azərbaycan hakimiyyətinin xarici siyasətini, xüsusi ilə də son illərdəki apardığı siyasətini uğurlu hesab edirəm. Düzdür, daxili siyasətdə nöqsanlar olsa da, məncə xarici siyasətdə bu addımların atılması daha vacibdir. Amma həmişə balansı saxlamaq mümkün olmur. Çünki dövlətin birinci məqsədi öz təhlükəsizliyini təmin etməkdir. Bu gün təhlükə mənbəyi haradadırsa, ora yönəlik addımlarda, yürüdülən siyasətdə diqqətli olmağa biz borcluyuq. Ona görə də Rusiyanın son illərdəki bölgələrlə bağlı yeritdiyi siyasətə qarşı Azərbaycanın ehtiyyatlı bir siyasət aparması təbii qarşılanır. ABŞ isə ancaq söz verir, bugünkü reallıqda heç bir təhlükəsizliyə təminat vermir. Ona görə də belə vəziyyətlərdə müəyyən manevrlər etmək haqqına biz malikik. Xarici siyasətdə də bu cür dəyişiklərə normal yanaşmaq lazımdır. Müəyyən vəziyyətlərin dəyişməsi real vəziyyətlərdən irəli gəlir.
- Ekspertlər hesab edir ki, Azərbaycanın Avrasiya İqtisadi Əməkdaşlıq (AİƏ) təşkilatına yaxınlaşması Qarabağın geri qaytarılması ilə nəticələnə bilər. Bu ideya hansı məntiqə söykənir?
- Bu ideya əsassızdır. Qarabağın qaytarılması söhbəti yoxdur. Qarabağı ancaq Azərbaycan xalqı qaytara bilər. Ancaq bu şərtlər altında qaytara bilər ki, səfərbərlik olsun. Müəyyən problemlərin həlli istiqamətində bütün resursları hərəkətə gətirə bilsin. Amma Rusiyanın bizim əvəzimizdən, xeyrimizə Ermənistandan torpaq alıb qaytarması illuziyadır. Özünü aldatmaqdan başqa bir şey deyil. Hətta AİƏ-yə də daxil olsaq, bu, həqiqətə uyğun bir mülahizə deyil.
Bahar RÜSTƏMLİ
AzNews.az