Ermənistan - Kremlin “fövqəladə mərkəzi”

Zərdüşt Əlizadə: “Ermənistan Rusiyanın vilayətlərindən heç nə ilə fərqlənmir”



Rusiya mətbuatının yazdığına görə, rəsmi Moskva Ermənistanla birgə Fövqəladə Hallar Mərkəzi yaratmaq niyyətindədir. Bununla bağlı məlumatı Rusiyanın Fövqəladə Hallar Naziri Vladimir Puçkuv erməni nümayəndə heyəti ilə görüşdən sonra verib.

"Biz erməni nümayəndə heyəti ilə lazımi məsələləri müzakirə etdik və bu istiqamətdə işçi qrup da yaradılıb"-deyən Puçkov mərkəzin fəaliyyətindən də danışıb. Onun sözlərinə görə, yeni mərkəz fövqəladə vəziyyətlərdə ölkələr arasında yardımlaşmanı asanlaşdıracaq: "Biz bu mərkəzi yaratmaqla istənilən fövqəladə vəziyyətə tez və effektiv reaksiya verə biləcəyik. Mərkəzin maddi texniki bazası da yüksək səviyyədə qurulacaq".

Sözügedən mərkəzin hansı zərurətdən yaradılması barədə AzNews.az-ın sualını cavablandıran politoloq Zərdüşt Əlizadə Rusiya Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təqdir etsə də, bu məsələdə fərqli düşünür: "Rusiya Fövqəladə Nazirliyi bu ölkənin ən nüfuzlu qurumu sayılır. Bu orqan bir tərəfdən ölkədə mütəmadi olaraq baş verən təbii fəlakətləri aradan qaldırmağa məcburdur.

Digər bir tərəfdən də bütün bu fəaliyyət nazirliyin peşəkarlığının, nüfuzunun artmasına xidmət edir. Uzun müddət bu nazirliyin başında dayanan Soyqu çox bacarıqlı bir şəxs idi. Ona görə də bu nazirlik Rusiyanın fövqəl gücünə, fövqəl bir qurumuna çevrilib".

Ermənistanla birgə Rusiyanın fövqəladə bir mərkəz yaratmasına gəlincə, Z.Əlizadə bunu təbii hal sayır. O hesab edir ki, Ermənistan Rusiyanın əbədi tərkib hissəsi olduğundan burada nəsə qəribəlik axtarmağa ehtiyac da yoxdur: "Bu tamamilə təbii haldır. Ermənistanın əməli olaraq Rusiyanın tərkib hissəsinə çevrilib. Rəsmi olaraq Ermənistan müstəqil dövlət olsa da, əməli olaraq Rusiyanın vilayətlərindən heç nə ilə fərqlənmir. Çünki Ermənistanın sərhədlərini Rusiya hərbi hissələri, sərhəd qoşunları müdafiə edir. Onun iqtisadiyyatının əsas sahələri də Rusiya şirkətlərinin əlindədir. Bütün hərbi strukturları da Rusiyanın hərbi strukturlarına ilhaq olunub. Ermənistanın ərazisində də Rusiya hərbi bazaları yerləşir".

Bütün bunlarla yanaşı, politoloq qeyd edir ki, Ermənistanda hakimiyyətə gətirilənlər də Rusiyanın iradəsindən asılıdır: "Rusiyanın göstərişi ilə Ermənistanda hərbi və siyasi rəhbərlik təyin olunur. Belə olan halda hansısa fövqəladə mərkəzin yaradılması da ağlabatandır".

Gültəkin Qəhrəmanlı
AzNews.az