Mirəlioğlu fraksiyaçılar haqqında sərt danışdı

“Onların Azərbaycan əhalisinin siyahısında insan kimi qeyd edildiyinə təəssüf edirəm”



"İstefaları qəbul etmirəm. Transferlərin stimullaşdırılması xəyanətə yol açır. Biz bir partiyadan çıxıb, digər partiyaya gedənləri qəbul etmişik. Hesab edirəm ki, səhv etmişik. Belə insanları qəbul etmək lazım deyil. Çünki belələri xoş məqsəd üçün də gedəndə belə müsbət imic yaratmır. Elə bil gəzməyə çıxıb, bu partiya, başqa partiya".

Bu sözləri AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, partiyadan gedən şəxslər partiyaya deyil, özlərinə zərbə vururlar: "Bəzi adamlar deyirlər ki, ömrümün ən şərəfli vaxtlarını AXC-də keçirib. Adama deyərlər, sən niyə həmin günlərin sayını artırmaq istəmədin? Kimi aldadırsan? Əlbəttə, özünü. Azərbaycanda siyasət belədir, bu gün burada, sabah başqa yerdə. Bu, normal hal deyil. Elə şəxslərin gedişi partiyaya deyil, özünə zərbədir. İnsan özü haqqında düşünməlidir.

Dünya təcrübəsi bu gedişləri məqbul sayır. Böyük dövlətlərin böyük siyasəti də olur. Amma Azərbaycan bunu normal qarşılanmır. Çünki həm ərazi cəhətdən, həm də siyasət baxımından bu ölkə çox kiçikdir".

Mirəlioğlu qeyd edib ki, KXCP-dən istefa verənlər içərisində xidmətləri böyük olan insanlar da olub. Bəzi insanlar isə heç bir iş görməyiblər. Bunlar fərqləndirilməlidir: "Fraksiyaçıların içərisində özünü idarə etməyi bacarmayan, tərbiyəsi Azərbaycan cəmiyyətində çox pis qarşılanan, əxlaqdan uzaq siyasət yürüdən adamlar da var. Təəssüflər olsun ki, bunlar da cəmiyyətin üzvləridir. Biz onlara partiyada görəv verərkən düşünürdük ki, yaxşı olar.

Görünür, etimad göstərməkdə yanılmışıq. Bu insanlar adam dilində danışa bilmirlər, başqa dildə danışırlar. Onlar milli azadlıq hərəkatı haqqında dar düşüncəyə malikdirlər. Və onların Azərbaycan əhalisinin siyahısında insan kimi qeyd edildiyinə təəssüf edirəm".

İlkin Pirəli
AzNews.az