Mixail Saakaşvili: "İnsanlara istədiklərini verməliyik" Mixail Saakaşvili: "İnsanlara istədiklərini verməliyik"

Gürcüstan parlamentinin yeni sədri bəlli oldu

Mixail Saakaşvili: "İnsanlara istədiklərini verməliyik"



Gurcustan parlamentinə yeni sədr seçilib. AzNews.az Apa-ya istinadən xəbər verir ki, Kutaisidə baş tutan yeni parlamentin ilk iclasında "Gürcü arzusu" blokunun liderlərindən biri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili qanunverici orqanın sədri seçilib. D.Usupaşvilinin lehinə 88 parlamentar səs verib.

Qeyd edək ki, "Gürcü arzusu" blokunun ən yaşlı üzvü İvane Kquridzenin idarə etdiyi iclasda parlament sədrliyinə namizəd kimi David Usupaşvili ilə yanaşı keçmiş parlament sədri David Bakradze, "Gürcü arzusu"ndan seçilən deputatlardan David Sağvarelidze, Koba Davitaşvili və Vahid Milli Hərəkat Partiyasından Zakariya Kurtsinaşvili çıxış ediblər. Parlament sədrinin birinci müavini "Gürcü arzusu"ndan Manana Kobaxidze, müavin vəzifələrinə isə eyni blokdan olan Zviad Dzidquri, Zurab Abaşidze, Murman Dumbadze və Vahid Milli Hərəkat Partiyasından Giorgi Baramidze seçiliblər.

Daha sonra parlamentin fraksiya və komitə sədrləri seçilib.

Bu gün, Kutaisidə 8-ci çağırış Gürcüstan parlamentinin ilk iclası başlayıb. Parlamentin ilk iclasını konstitusiyaya görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin açıb.

Prezident çıxışında Kutaisidə tikilən yeni parlament binasını Gürcüstanın simvolu adlandırıb: "Biz düşmən deyilik. Ola bilər ki, bu gün müxalifətə keçən hakimiyyət nümayəndələri indiki hakimiyyətlə birgə çalışsınlar. Səhiyyə, işsizliyin ləğv edilməsi, avroatlantik inteqrasiya sahələrində və digər vacib məsələlərin həlli üçün bir yerdə işləməliyik".

Daha sonra Gürcüstan MSK-nın sədri Zurab Xaratişvili çıxış edərək prosedura əsasən, həm "Gürcü arzusu", həm də Vahid Milli Hərəkat Partiyasından seçilən deputatların siyahısı elan edib.

Məlumata görə, ilk sessiyanı parlamentin sədri seçilənə qədər "Gürcü arzusu"nun ən yaşlı üzvü İvane Kquridze aparacaq. Bu gün parlamentin sədri, onun müavinləri və digər fraksiya və komitələrin sədrləri seçiləcək.

Qeyd edək ki, yeni parlamentin işində "Gürcü arzusu"nun 85, Vahid Milli Hərəkat partiyasının 65 deputatı iştirak edir.

Parlamentin ilk sessiyasında prezident M. Saakaşvili ilə yanaşı, bütün Gürcüstanın katolikos patriarxı II İlya, "Gürcü arzusu"nun lideri, baş nazir vəzifəsinə namizəd Bidzina İvanişvili, hazırda fəaliyyətdə olan hakimiyyət rəsmiləri, Gürcüstanda akkreditə olunan dipkorpus nümayəndələri və qonaqlar iştirak edirlər.

AzNews.az