“Proporsional seçki sistemi bərpa oluna bilər” “Proporsional seçki sistemi bərpa oluna bilər”

Vitse-spiker: “Bizə bundan artıq deputat lazım deyil”

“Proporsional seçki sistemi bərpa oluna bilər”



"Proporsional seçki sisteminin bərpası, deputat yerlərinin artırılması ilə bağlı ideyalar heç zaman Azərbaycan cəmiyyətindən kənarda olmayıb".

Bunu jurnalistlərlə söhbətində Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib. Vitse-spikerin dediyinə görə, bu yöndə fikirlər ümumiyyətlə, mütəmadi olaraq səslənir, seçkilər ərəfəsində bu fikirlər xüsusilə, gündəmi məşğul edir: "Hətta 2002-ci ilin avqustunda referendumla o qərarı dəyişəndə ki, Azərbaycanda bütövlüklə mojaritar sistem olsun, yəni, proporsional sistem ləğv olunsun, onda da bunun qalması ilə bağlı fikirlər söyləyənlər var idi.

Ondan sonra da 2009-cu ilin mart referendumunda da Konstitusiyaya dəyişikliklər zamanı onu yenidən təklif edənlər var idi. Mən özüm də şəxsən bu fikirlərə çox normal və təbii baxıram. Azərbaycanda demokratik cəmiyyət mövcuddur. Hər kəs siyasi islahatlara, siyasi sistemin təkmilləşməsinə dair öz fikirlərini açıq şəkildə ortaya qoya bilər, bunların hər birinin müzakirəyə haqqı var.

Mən bunu belə qəbul edirəm. O müzakirələr ictimai müzakirələr şəklində də ola bilər, parlamentdə də ola bilər, yuxarı hakimiyyət orqanlarında da bununla bağlı, yəni, ictimaiyyətdə səsləndiyi üçün, fikir mübadiləsi aparıla bilər, amma sonda qərar nədirsə və qanunumuz nəyi deyirsə, biz onu icra edirik".

B.Muradovanın fikrincə, proporsional sistem olması o demək deyil ki, mojaritar pisdir və yaxud da, mojaritar olması o demək deyil ki, proporsional pisdir: "Bizdə o da olub, bu da, amma bu gün Azərbaycan reallığında mojaritar sistemin həm elə partiyaların özünün inkişafı , həm də onların seçiciyə daha yaxın olması üçün çox təkmil bir sistem olduğu sübut olunub. Artıq əvvəlki kimi deyil. Yadınızdadırsa, bizdə 25 nəfər proporsional üsulla seçilmiş adamlar var idi, ancaq onların heç birinin konkret seçicisi yox idi. Və mənim yaxşı yadımdadır ki, Milli Məclisin qapısından girəndə o adamların üstünə heç kəs getmirdi.

Hamı konkret dairənin deputatlarına yaxınlaşırdı. İndi problemlər həll olunduğu üçün o adamlar aidiyyəti üzrə orqanlara müraciət etmək lazım olduğunu müəyyənləşdiriblər , yəni, öz hüquqlarını və vəzifələrini daha yaxşı dərk etdikləri üçün artıq aidiyyəti orqanlara gedirlər. Amma əvvəllər kimin nə sözü olurdusa, Milli Məclisin qarşısına gəlirdi və proporsional sistem üzrə olan deputatlara yox, dairələrin deputatlarına yaxınlaşırdılar".

Vitse-spiker həmçinin, qeyd edib ki, bu gün Milli Məclisə gələn şikayətlərin, ərizələrin sayı dəfələrlə azalıb: "Çünki yerlərdə, daha konkret dairələrdə iş aparan deputatlar artıq hər bir seçicini, demək olar ki, tanıyır, problemini bilir, həll, kömək olunmasına mümkün olanı edir, olmayanda da izah edir ki, məsələ nə yerdədir. Nə vaxtsa mütləq əksəriyyət hesab edəcəksə ki, proporsional sistem də lazımdır, ona da baxıla bilər. Yəni, bu, hüquqa, hansısa qaydalara zidd məsələ deyil, amma bu gün Azərbaycanda mojaritar sistem mövcuddur. Deməli, bu sistemi pisləməkdənsə, onun, necə deyərlər, kimlərinsə seçilməsinə mane olduğunu ictimai rəyə sırımağa çalışmaqdansa, onun üstünlüklərində yararlanıb, irəliyə getmək, irəliyə baxmaq lazımdır.

MM sədrinin müavini eyni zamanda deyib ki, 125 deputat yeri optimal saydır. "Mənim əgər qənaətimi bilmək istəyirsinizsə, bundan artıq deputat Azərbaycana lazım deyil" - deyə, B.Muradova sonda sözlərinə əlavə etdi.

İlkin Pirəli
AzNews.az