Prezidentdən Ensiklopediya ilə bağlı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.


2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976–1987-ci illərin on cildlik "Azərbaycan Sovet Ensiklopediyası" keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsər idi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər yeni çoxcildli universal milli ensiklopediyanın meydana gətirilməsini zəruri edirdi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında" 2004-cü il 5 may tarixli Sərəncamı ilə təsis edilmiş "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin gerçəkləşdirdiyi belə bir nəşr mükəmməl informasiya mənbəyi olaraq cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. İndiyədək "Azərbaycan" xüsusi cildi yüksək poliqrafik keyfiyyətdə hazırlanıb oxucuların istifadəsinə verilmişdir. Beş cildi artıq işıq üzü görmüş Milli Ensiklopediyanın növbəti cildləri üzərində mütəmadi iş aparılır.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Ensiklopediyasının milli sərvət kimi ölkənin ictimai-siyasi, elmi-mədəni həyatının əlamətdar hadisəsi olduğunu nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.