Qabil Hüseynli: “Bu, azərbaycanlıları qıcıqlandırmaq cəhdidir”

Erməni mətbuatı bütövlükdə dünyada fəaliyyət göstərən Mason Təşkilatı rəhbərlərinin Ermənistanda keçirilən toplantısından yazır. Eyni zamanda Erməni Zərgərləri Ümumdünya ittifaqının Ermənistan rəhbərliyi ilə azad zərgərlik zonası yaradılması strategiyası hazırladığı barədə məlumatlar da erməni mətbuatının gündəmindədir.

Bir-birinin ardınca Azərbaycanda bir neçə beynəlxalq tədbir keçirildiyini deyən politoloq Qabil Hüseynli AzNews.az-a bildirib ki, bu toplantılar Azərbaycanın təbliği, dünya miqyasına çıxması baxımından böyük əhəmiyyət daşıyır. Ona görə də bütün bunlar erməniləri narahat etməyə bilməz: "Görünür ermənilər də düşünüb-daşınıb nəsə səs-küyə səbəb olacaq bir tədbir keçirməyi planlaşdırıblar. Bunu da Mason təşkilatlarını Ermənistana toplamaqla reallaşdırmaq istəyiblər. Mən ona da əmin deyiləm ki, ermənilər bütün Mason təşkilatlarını öz ölkələrinə toplaya biliblər. Çünki Mason təşkilatlarına yəhudilər daha çox nüfuz edirlər, yəhudilər isə daha çox Azərbaycanın tərəfindədirlər Ermənistanın yox. Bu baxımdan Ermənistanın belə bir tədbir keçirilməsi barədə "mən də varam" fəlsəfəsi yanlışdır".

İşğal altında qalan ərazilərdə zəngin təbii sərvətlərin istismarına gəldikdə, o deyib ki, bu proses hələ sovet dövründə başlayıb: "Bu məsələ bu gün deyil, sovetlər dönəmində start götürüb. Ermənilər Göyçə mahalının "Zod" deyilən ərazisindən Kəlbəcərə daxil olaraq qızıl ehtiyatlarını mənimsəyirdilər. Bu gün də həmin mənimsəmə prosesi davam edir. İndi qızıl ehtiyatlarının mənimsənilməsi digər ərazilərə də keçirilib. Qızılla yanaşı, digər faydalı qazıntı yataqları, o cümlədən daş kömür mənbələri də ermənilərin istismarına məruz qalır. Bütün bunlar beynəlxalq müqavilələrə, konvensiyalara ziddir. Həmin ərazilər Azərbaycanın əraziləri olduğu bütün dünya dövlətləri tərəfindən qəbul olunur".

Kəlbəcərdə həm "İsti su", həm də qızıl yataqlarının neçə illərdir istismar olunduğunu bildirən Q.Hüseynli işğal olunan Azərbaycan ərazilərində qeyri-qanunu həyata keçirilən istismarın orta məktəblərdə tədrisini ağıllı addım deyil, daha çox təbliğatı xarakter daşıdığını vurğulayıb: "Bu azərbaycanlıları qıcıqlandırmaq cəhdidir. İstənilən halda Azərbaycanın əlində ermənilərin sərvətlərimizi mənimsəmələri barədə kifayət qədər faktlar var. Azərbaycan bu faktlarla beynəlxalq məhkəməyə müraciət etməlidir ki, bu qurum da Ermənistandan həmin dəyərin geriyə tutulması üçün qərar çıxara bilsin".

Gültəkin Qəhrəmanlı
AzNews.az