Orduda həbslər – Kərəm Mustafayevə yaxın polkovnik saxlanıldı

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda həbslər var.


AzNews.az xəbər verir ki, bu barədə "AzPolitika.info"ya Naxçıvandakı hərbiyə yaxın mənbədən siqnal daxil olub.

Əməkdaşımız ilkin məlumatla bağlı araşdırma apararkən dəqiqləşdirə bilib ki, bir neçə gün əvvəl həbs olunan yüksək rütbəli zabitlərdən biri Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisi polkovnik Elşad Rzayevdir. E.Rzayev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Təsadüfi deyil ki, keçmiş gizir olan E.Rzayev polkovnik rütbəsinə qədər yüksələ bilib. Polkovnik Rzayevin həbsinin səbəbləri ilə bağlı konkret məlumat əldə etmək mümkün olmayıb.

Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov isə təcili qərarla vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub.



Naxçıvan ordusunda cəzalandırmaların nə ilə bağlı olduğu haqda dəqiq məlumat olmasa da, böyük ehtimalla bunların Kərəm Mustafayevin qardaşı, uzun illərdir MR-də hərbi üçün aparılan təmir-tikinti, quraşdırma işlərinə rəhbərlik edən Nemət Mustafayevin saxlanılması ilə bağlı son günlər yayılan xəbərlərlə əlaqəsi var. Nemət Mustafayevin böyük həcmli maliyyə mənimsəmələrinə görə saxlanıldığı bildirilsə də, bu barədə heç bir rəsmi açıqlama və ya təkzib verilməyib. Lakin Əlahiddə Ümumqoşun Ordusunun maliyyə xidməti rəisinin həbsi bu məlumatların heç də əsassız olmadığının sübutu sayıla bilər.

Məlumatlı bir başqa mənbə isə "AzPolitika"nın sorğusuna cavab olaraq Nemət Mustafayevin "şəxsi məsələyə görə" saxlanıldığını, lakin bir neçə gündən sonra sərbəst buraxıldığını desə də, təfərrüat barədə danışmaqdan imtina edib.

Qeyd edək ki, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin ətrafında hansısa xoşagəlməz proseslərin getdiyi haqda ilk dəfə "AzPolitika.info" məlumat yayıb.

K.Mustafayevin qardaşının həbsi xəbərindən sonra Əlahiddə Ümumqoşun Ordusunda həbslərin başlaması belə bir prosesin olduğunu bir daha təsdiq edir.

Yeri gəlmişkən, K.Mustafayevə etimadın azaldığını ehtimal etməyə əsas verən daha bir fakt: Dekabrın 30-da MR Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi hissəyə baş çəksə də, K.Mustafayev onu müşayiət etməyib. Hər halda rəsmi agentliyin yaydığı fotolarda Əlahiddə Ordunun komandanı görünməyib.



Naxçıvandakı həbs xəbərləri ilə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin mövqeyi təqdim olunacaq.