Elxan Şahinoğlu Elxan Şahinoğlu

Ankara və Bakıdan Güneyə baxış

Elxan Şahinoğlu



İranda irili, xırdalı bütün inqilablar Güney Azərbaycandan, mənəvi paytaxtımız sayılan Təbrizdən başlayıb. Ancaq bu inqilablar İranda yaşayan soydaşlarımızın həyatını dəyişdirmədi, onlar arzularına çatmadılar. Tehranın vuran əlinə baxmayaraq, Güney Azərbaycan bu gün də qaynayır, son 20 ildə soydaşlarımız arasında fəallıq xeyli artıb.

Güneylilər içəridə və çöldə mübarizə aparırlar. İçəridəkilərin durumu ağırdır, fəallar zindanlara atılır, ölüm eşafotlarına göndərilirlər. Ancaq çöldəkilər də az əziyyət çəkmirlər, onların da hərəkət məhdudiyyəti var. Mahmudəli Çöhraqanlı ilə baş verən son olay bunun bariz nümunəsidir.

Mahmudəli Çöhranqanlı növbəti dəfə Türkiyəyə buraxılmadı. O, qardaş ölkədə noyabrın 4-də keçirilən Milliyətçi Hərəkat Partiyasının (MHP) qurultayına dəvətli idi. Hava limanından onu qarşılamağa MHP üzvü olan xeyli milllət vəkili də getmişdi. Ancaq Çöhqaranlı Türkiyəyə ayaq basa bilmədən geri – ABŞ-a göndərildi. Bu Ankaranın yanlış qərarı idi.

Görəsən, Türkiyə hökuməti İrandan niyə bu qədər çəkinir? Onsuz da Ankara Suriya və PKK-ya dəstək məsələsində Tehranla tərs düşüb. Əksinə Çöhraqanlının Türkiyəyə buraxılması lazım idi ki, Tehrana görk olsun, belə də isə Ankaranın İran rejimindən çəkindiyi görüntüsü formalaşdı. Bu Çöhraqanlının Türkiyəyə buraxılmamasıyla bağlı artıq ikinci olaydır. Türkiyə hökumətinin o zamankı arqumenti bu idi ki, "Çöhraqanlı İran hakimiyyətinə qatı müxalifdir, Ankaranın isə Tehranla isti münasibətləri var".

O illər arxada qaldı, iki dövlət arasında "isti münasibətlərdən" də əsər-əlamət qalmayıb. Tehran Ankaranın devirməyə çalışdığı Əsəd rejimini canı qəlbdən dəstəkləyir, ona silah və canlı qüvvə göndərir. Bu azmış kimi Tehran terrorçu PKK təşkilatıyla da əlaqələrini bərpa edib. Bir müddət öncə, Türkiyə televiziyaları İran kəşfiyyatçılarının PKK-çılarla görüşlərini əks etdirən görüntüləri yayımladılar. Başqa sözlə, Tehran Ankaranın mövqelərini zəiflətmək üçün Türkiyənin bütün düşmənləri ilə əlbir olub. Belə olan halda məntiqlə Ankara da Tehrana sərt üzünü göstərməlidir. Türkiyənin bu siyasəti həyata keçirmək üçün üçün kifayət qədər potensialı da var. Çöhraqanlının MHP qurultayına buraxılması Tehrana məhz tərs şillə, cavab addımı olardı, bununla Ankara İran rejiminə ismarış göndərə bilərdi ki, necə ki, Sən mənim düşmənlərimə dəstək verirsən, mən də sənə müxalif olan soydaşlarıma dəstəyimi artıracam. Təəssüf ki, belə olmadı. Çöhraqanlı biabırçı şəkildə hava limanından geri qaytarıldı. Bu mübağiləsiz Tehranın diplomatik qələbəsi sayıla bilər.

Çöhraqanlının Türkiyəyə buraxılmaması Ankaranın Güney Azərbaycan amilini də diqqətə almaması anlamına gəlir. Əlbəttə, mən iddia etmirəm ki, Çöhraqanlı bütövlükdə güneyli soydaşlarımızın İran rejiminə qarşı mübarizəsini əks etdirir, güneylilər arasında onu qəbul etməyənlər də az deyil. Mənim özümün də Çöhranqanlının ABŞ-a köçdükdən sonra keçmiş aktiv fəaliyyətini xeyli zəiflətməsinə dair qənaətim var. Buna baxmayaraq, Çöhraqanlı əvvəlkitək Güney Azərbaycan uğrunda mübarizənin simvollarından biri sayılır və bu amili diqqətə almamaq olmaz. Demək, Güney Azərbaycan uğrunda mübarizə Türkiyə hökuməti üçün əvvəlkitək aktual deyil.

Türkiyənin hökumət dairələri Çöhraqanlının ABŞ-dakı qurumlarla sıx təmaslarından və əməkdaşlığından narahatdırlar. Yəni, kobud desək Ankara Çöhraqanlının ABŞ-ın əlində "alət" olmasından ehtiyatlanır, bu şəxsi ABŞ-ın layihəsi kimi dəyərləndirir. Aydındır ki, Çöhraqanlı ABŞ-da yaşadığından onun İran və Güney Azərbaycan mövzusunda Vaşinqtondakı dairələrlə daima fikir mübadiləsi aparması mümkündür. Ancaq Ankaradakı dairələrə nə mane olur ki, Güney Azərbaycan mövzusu, o cümlədən Çöhraqanlı, Əhməd Obalı kimi şəxslər Türkiyənin müvafiq qurumlarıyla təmasda olmasınlar, Ankarada fikir mübadiləsi apamasınlar. Bu məsələlərə maraq göstərməyəndə, başqaları maraq göstərərək, istifadə etməyə çalışacaqlar. Ankara Çöhranqanlını Türkiyəyə buraxmadığı kimi, güney azərbaycanlılarının yeganə televiziya kanalı olan Günaz TV-nin "Türksat"da yayımına da qadağa qoyub.

Tehran bu qadağalara görə, Ankaraya "sağ ol" demir, əksinə qonşusunun ayağının altını qazmağa çalışır, çünki bilir ki, ölkəsindəki türklərin gözü və qulağı Azərbaycan və Türkiyə Cümhuriyyətlərindədir və bu Cümhuriyyətlərdə hazırda kimlərin hakimiyyətdə olmalarından asılı olmayaraq, bütün hallarda son məqamda güneylilərin fəryadına, yardımına məhz bu dövlətlər gələcək. Tehran bu düşüncəsində haqlıdır. Sadəcə təəssüf ki, bu həqiqəti hələ ki, nə Bakı, nə də Ankarada qəbul edirlər.