Valideynlər yeniyetmələrə hörmət etməyi bacarmalıdırlar Valideynlər yeniyetmələrə hörmət etməyi bacarmalıdırlar
  • Toplum
  • 5 Aprel 2019 14:50
  •  16 909

Yeniyetmələr niyə aqressivdir? - Psixoloqların rəyi

Valideynlər yeniyetmələrə hörmət etməyi bacarmalıdırlar

Cəmiyyətimizdə yeniyetmələrin aqressiv təbiətli olduğunun şahidi oluruq. Onlar daha çox “vor” aləminə, mübahisəyə, davaya meylli olurlar. Son günlər Bakıda yeniyetmələr arasında baş verən kütləvi dava da bunu təsdiq edir. Bəs bunun səbəbi nədir? Yeniyetmələrin bu xarakterdə yetişməsinin qarşısını necə almaq olar?

AzNews.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Psixoloq Fuad Əsədov bildirir ki, bunun həm bioloji, həm psixoloji, həm də sosial səbəbləri var:

Image result for Psixoloq Fuad Əsədov

“Bu gün biz yeniyetmələrin sərgilədiyi aqressiv davranışların daha çox şahidi oluruq, nəinki daha yetkin insanların. Psixoloji səbəb odur ki, yeniyetməlik dövründə insan özünü böyümüş və müstəqil insan kimi hiss edir. Həmçinin, istəyir ki, bunu müxtəlif yollarla sübut etsin. Ona valideynlər uşaq kimi davrandığı təqdirdə o, belə olmadığını göstərmək üçün hər yola əl atmağa hazır olur. Buna psixologiyada natamamlıq kompleksi deyirlər. Özünü kişi kimi hiss etmək, öz gücü ilə öyünmək üçün yeniyetmə hər an dava etməyə hazır olur. Hətta deyərdim ki, sanki dava etmək üçün fürsət axtarır. Sosial səbəblər isə kütləvi informasiya vasitələrində, filmlərdə, seriallarda həmçinin cəmiyyətdə davakar gənclərin dəliqanlı, cəsur, igid kimi təqdim olunmasıdır. Belə olduqda yeniyetmə istər-istəməz həmin personajlara bənzəmək istəyir. Biz buna bəzən zarafatyana Polat Alemdar effekti deyirik. Çünki bu personajlar "adam yoxsa, problem də yoxdur" prinsipi ilə hərəkət edir və hər şeyi zorakılıq yolu ilə həll edirlər”.

Psixoloq həmçinin vurğulayır ki, valideynlər uşaqlara mütaliəni aşılamalıdırlar:

Image result for Psixologiya yeniyetmə

“Bu halların qarşısının alınması üçün valideynlər uşaq yaşlarından təbliğat işi aparmalıdırlar. Məsələn, uşaqla birgə filmə baxmaq, daha sonra onu müzakirə edərək nəyin pis, nəyin yaxşı olduğunu izah etmək olar. Yaxud da uşaqlara mütaliəni aşılamaq çox yaxşı olardı. Sistematik tərbiyə işi, psixopedaqoji məsləhət almaq valideynlərin təxirəsalınmaz işi olmalıdır. Bu baxımdan məktəb psixoloqları da daimi maarifləndirmə işi aparmalı, bu kimi mövzularda tədbirlər keçirməlidirlər. Burda unutmaq olmaz ki, bu kimi söhbətləri gənclərin anlayacağı dildə aparmaq lazımdır. Pis hərəkəti pisləmək yerinə, yaxşı davranışı və nümunəni tərifləyərək onları yeniyetmənin kumiri və ya idealı halına gətirmək daha çox effektivdir”.

Psixoloq Gülnar Orucova isə qeyd edir ki, burada yeniyetmənin bioloji və fizioloji dəyişiklikləri də rol oynayır, bu yeniyetmədə özgüvən partlamasına səbəb olur:

Image result for Psixoloq Gülnar Orucova

“Bu yaş dövründə uşaqlar daha çılğın olurlar, hisslərini idarə etməkdə çətinlik çəkirlər, tez aqressivləşirlər. Hər hansı bir söz onları özündən çıxarır və düzgün olmayan qərarları çox asanlıqla verə bilirlər. Uşaqlar sanki özlərini böyümüş hesab edirlər. Bəzi ailələrdə uşaqlara çox azadlıq verilmir, qəfil azadlıq verildiyi zaman, uşaq zor gücünə bu azadlığı əldə etdiyi zaman isə ondan səmərəli istifadə edə bilmir. Bu dövrdə yeniyetmələr düşünür ki, verdiyi qərarlar hamısı doğrudur”.

Psixoloq bu mövzuda sosial şəbəkələrin də rol oynadığını düşündüyünü bildirib:

Image result for Psixologiya yeniyetmə

“Uşağın xarakterinin formalaşmasında həm genetika, həm də ətraf mühit rol oynayır. Valideynlər bu barədə səbrli davranmalıdırlar. Bəzən valideynlər uşaqları çox qınayırlar, öz dövrləri ilə indiki dövri müqayisə edirlər, bu doğru deyil. Valideynlər uşağa hörmət etməyi bacarmalıdırlar. Hər dövrün öz tələbi olur və bu tələblərə görə də uşaqlar yetişir. Uşaqları düzgün istiqamətə yönəltməkdə məktəbin də xüsusi rolu var”.

Cavidan Mirzəzadə

AzNews.az