• Toplum
  • 23 İyul 2019 17:10
  •  1 026

6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi - FOTOLAR

Anar Bağırov büroda aparılmış təmir işlərini yüksək qiymətləndirib

Bu gün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 6 saylı Vəkil Bürosunun inzibati binası ilə tanış olub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Rəyasət Heyətinin bir sıra üzvlərini büroda aparılmış təmir işləri ilə tanış edən büronun müdiri Elxan Aslanov görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.

Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına 6 saylı Vəkil Bürosunun tam şəkildə mebellə, printer və kompüter avadanlıqları, habelə kondisionerlər ilə təchiz edilməsi üçün ƏDV daxil olmaqla 15.997 manat vəsait sərf olunub.

Bundan başqa, Rəyasət Heyətinin təşəbbüsü ilə 2019-cu ilin fevral-aprel ayları ərzində büronun vəkilləri tərəfindən Vəkillər Kollegiyasına üzvlük haqqı olaraq ödənilməli olan ümumilikdə 9365.30 manat vəsait büronun inzibati binasının təmirinə sərf olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirib və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.(barassociation.az)

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description