Əli Kərimli hər hadisədən, hər həbsdən partiyasına güclülük görüntüsü yaratmaq istəsə də... Əli Kərimli hər hadisədən, hər həbsdən partiyasına güclülük görüntüsü yaratmaq istəsə də...
  • Toplum
  • 23 Avqust 2019 21:05
  •  2 345

AXCP nüfuz və imkanlarını 2000-ci ildən başlanan parçalanma dalğasında birdəfəlik itirib

Əli Kərimli hər hadisədən, hər həbsdən partiyasına güclülük görüntüsü yaratmaq istəsə də...

2000-ci illərin əvvəlinə kimi AXCP-nin sosial dayaqları heç də zəif deyildi. Amma sonrakı dönəmlərdə bu partiya elə bir vəziyyətə düşdü ki, onun hakimiyyətlə hansısa formada mübarizə aparmağa gücü qalmadı.

Həmin dönəmdə qərargahlardan, konfrans zallarından, küçələrdən, seçki tribunalarından aparılan mübarizənin əsas sütunu geniş sosial baza idisə, bu gün AXCP-də, eləcə də digər müxalifət partiyalarında insan faktoru cəhətindən nəzərəçarpacaq bir böhran yaşanır. Güclü dalğanı anladan insan seli bu gün müxalifəti mübarizə meydanında yalqız buraxıb.

Məhz belə bir şəraitdə hakimiyyətin AXCP-dən qorxmasını iddia etmək olduqca gülünc təsir bağışlayır.

Söhbət ondan gedir ki, son günlər AXCP-nin 4 üzvünün həbs olunması məhz məqsədli şəkildə bu istiqamətə yönəldilir. AXCP üzvləri öz sosial şəbəkə resurslarında belə bir rəy yaratmağa cəhd edirlər ki, hakimiyyət Əli Kərimlidən qorxduğu üçün onun rəhbərlik etdiyi partiyaya qarşı bu şəkildə sərt mövqe sərgiləyir. Olduqca qeyri-ciddi bir yanaşmadır. Bu gün AXCP hansı ciddi resurslara, ictimai dəstəyə malikdir ki, hakimiyyət ondan qorxsun?

Xalq Cəbhəsi məhz Əli Kərimlinin fəaliyyəti nəticəsində 4 yerə parçalanıb. Hamının yaxşı xatirindədir ki, Kərimlinin Elçibəyə rəqib olmaq iddiası, partiyanı ələ keçirmək niyyəti bu partiyanın daxilində toqquşmalar meydana çıxardı. Onun AXCP daxilində Elçibəyin mövqeyini üstələyəcək bir mövqenin sahibi olmaq xəyallarını gerçəkləşdirmək, öz “Yurd”unu fantastik səviyyədə böyütmək üçün baş vurduğu yollar yaddan çıxmayıb.

Elçibəyin vəfatındam sonra partiya daxilində çəkişmələr daha da dərinləşdi. Və AXCP-də olan tanınmış simalar, hətta ən yaxın dostları belə tədricən Kərimlini tərk etdi və öz təşkilatını qurdu. Bu gün AXCP-nin müxalifətdə olan digər zəif, bir ovuc adamdan ibarət partiyalardan heç bir fərqi yoxdu. Digər müxalifət partiyaları kimi seçkilərdəki davamlı uğursuzluqlar, şəffaf olmayan fəaliyyət AXCP-ni gücsüz, dağınıq, sosial bazası yoxa çıxmış bir təşkilata çevirib. Belə bir vəziyyətdə hakimiyyətin müxalifətdən qorxmasını iddia etmək olduqca cəfəngdir.

Bundan başqa, həbs olunanların hansı səbəblərdən qısa müddətə olsa da azadlıqdan məhrum edilməsi kənara qoyulmamalıdır. Heç kimə AXCP üzvü olduğu üçün toxunulmazlıq verilmir. Əgər cinayət törədilərsə, aidiyyəti dövlət orqanları siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə qarşı üzərinə düşən formada tədbirlər görməlidir. Məgər bu gün cinayət törədib həbs olunanlar arasında YAP üzvləri yoxdurmu?

Digər tərəfdən, kim iddia edə bilər ki, AXCP-də kriminal adamlar yoxdur? Əgər AXCP öz üzvlərinin tez-tez həbs olunduğunu bəyan edirsə, deməli bu təşkilatla bağlı ciddi araşdırma aparılmalıdır.

Ya da burada həbs üçün məqsədyönlü qaranlıq bir fəaliyyət, niyyət-adını nə qoyursaq, qoyaq, hətta təhrik də -var və sanki Əli Kərimli hüquq-mühafizə orqanlarının diqqətini qəsdən öz təşkilatı üzərinə çəkmək istəyir. Başqa sözlə, gəncləri bilərəkdən aqressiv formada siyasi fəliyyətə təhrik edir. Radikal ovqatlı gənclər qanunu pozmağa məcbur edildikdə, müvafiq qurumlar da adekvat tədbirlər görmək zorunda qalır. Ardınca ortaya düşən Kərimli bundan siyasi məqsədlır üçün istifadə etməyə, özünün hakimiyyətə rəqib olması imicini yaratmağa başlayır.

İstənilən halda bütün bu mümkün variantlar içərisində hakimiyyətin AXCP-dən qorxması versiyası yoxdur. İndi hakimiyyət heç vaxt olmadığı qədər güclüdür, müxalifət isə yox dərəcəsindədir. Unutmaq lazım deyil ki, icazə verilmiş aksiyaya 1000-2000 adam çıxara bilən müxalifət hakimiyyət üçün heç bir təhlükə mənbəyi ola bilməz!

Elman Babayev