Alay komandiri, polis general-mayoru Səhlab Bağırov görülən işlərin nəticələrindən danışıb Alay komandiri, polis general-mayoru Səhlab Bağırov görülən işlərin nəticələrindən danışıb
  • Toplum
  • 15 Yanvar 2020 20:19
  •  7 016

DİN-in Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

Alay komandiri, polis general-mayoru Səhlab Bağırov görülən işlərin nəticələrindən danışıb

Yanvarın 15-də DİN-in Əlahiddə Çevik Polis Alayında 2019-cu il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb.

Müşavirəyə yekun vuran nazir Vilayət Eyvazov xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.

Sonda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə Daxili İşlər nazirinin müvafiq əmrləri elan olunub və mükafatlar sahiblərinə təqdim edilib.

AzNews.az