Ekspert yeni qaydanı izah etdi Ekspert yeni qaydanı izah etdi
  • Toplum
  • 22 Yanvar 2021 13:19
  •  9 223

Tək şəxsiyyət vəsiqəsi yetər - Sürücülüklə bağlı yeni xəbər

Ekspert yeni qaydanı izah etdi

Xəbər verdiyimiz kimi bu gün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Belə ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə İnzibati Xətalar Məcəlləsində (İXM) müəyyən edilən qaydalara uyğun baxılması təklif edilir və Məcəllədəki müvafiq normalar buna uyğunlaşdırılır.

Məsələ ilə bağlı AzNews.az- a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu qərarı müsbət addım kimi qiymətləndirib: “Sənədlərin üzərimizdə olmaması o demək deyil ki, biz sürücü deyilik və ya hansısa qayda pozuntusuna yol vermişik. Bu artıq dünyanın bir çox ölkələrində tətbiq edilən qaydadır. Nəhayət ki, Azərbaycanda da bu qayda qüvvəyə minir. Əvvəllər bu haqda biz danışsaq da, təkliflər irəli sürsək də biraz laqeydlik müşahidə edilirdi. Amma indiki rəhbərlik görünür bu məlumatları, fikirləri izləyir belə təkliflər irəli sürülür. Mən ilk olaraq Azərbaycan Avtomobil Federasiyasına, Baş Dövlət Yol Polis idarəsinə, bu qanunun hazırlayan Prezident Administrasiyasının hüquq şöbəsinə təşəkkür edirəm ki, belə məsələləri nəzərdən keçirib vətəndaşların arzuladığı qərarları qəbul edirlər və belə layihələr hazırlayırlar.

Əslində, sürücülük vəsiqəsi, texniki pasport, avtomabilin qeydiyyat şəhadətnaməsi və digər sənədlər hamısı board kompüterdə göstərilir. Sadəcə vətəndaş o şəxsiyyət vəsiqəsini təqdim etməklə bunu tam olaraq sübut edə bilər. Yaxud da digər bir məsələ var ki, yol polisi tərəfindən board kompüterdə maşının dövlət qeydiyyat nömrə nişanı vurulan kimi vətəndaş haqda məlumat çıxır, fotoşəkli görünür, ona görə belə halda vətəndaşdan maşının qeydiyyat şəhadətnaməsini, etibarnaməni və digər sənədləri tələb etmək düzgün deyil. Elə bu tip sənədlər belə yerlərdə itir. Biri maşınında, biri cibində gəzdirir, avtomobili yumağa, təmirə verəndə oğurlanır, cibindən düşür itir”.

Ekspert əlavə edib ki, ümumiyyətlə, belə sənədləri bir çox Avropa ölkələrində, dünyanın başqa ölkələrində kağız daşıyıcıda vətəndaşa vermirlər: “Elektron qaydada, sistemdə görsənir və siz lazım olduqda öz elektron kabinetinizə daxil olub oradan sürətini çıxardaraq istifadə edə bilirsiz. Bugünkü gün texnologiyanın verdiyi imkanlardan istifadə etmək lazımdır. Eyni zamanda vətəndaşlar üçün də daha yaxşı imkanlar yaranır. Sürücü haradasa bir qayda pozur və ya pozmur, haqlı və ya haqsız yerə saxlanılır, yol polisi onun sənədlərini alıb özünü də buraxır ki, get sabah gələrsən araşdırarıq. Artıq bu sənədlər olmadığına görə belə neqativ hallar da çox güman ki, aradan qalxacaq. Digər qəbul olunmuş qərarlar da təqdirəlayiqdi. Məsələn, pərdə-plyonka mövzusu ilə bağlı, avtoxuliqanlıqla bağlı, inzibati qərar tətbiqetmə müddəti və s. məsələlər də var ki, hamısı müsbət addımlardır”.

Səidə

AzNews.az