• Toplum
  • 28 İyul 23:59
  •  3 165

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi Gəncədə qeyd olunub

Tədbirdə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Azərbaycan Cüdo Federasiyasının yenilənmiş loqosu təqdim olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə tədbir təşkil olunub.

Aznews.az-ın xəbərinə görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu və Azərbaycanın tanınmış cüdo ustaları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə şəhərinin Heydər Əliyev adına meydanda baş tutan tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ölkəmizdə bu idman növünün inkişafından söz açıb, cüdoçularımızın yerli və beynəlxalq arenalarda qazandıqları uğurlardan danışıblar.

Tədbirdə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Azərbaycan Cüdo Federasiyasının yenilənmiş loqosu təqdim olunub. Daha sonra Azərbaycanın tanınmış cüdo ustalarının təqdimatında gənc və yeniyetmə idmançılara ustad dərsləri keçilib.

Bununla yanaşı, Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə keçirilən “Yaponiya Səfirinin Kuboku 2022” Gəncə şəhər açıq birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin müxtəlif regionlarından olan 25 komandanın 200-ə yaxın cüdoçusu iştirak edib.

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku 2022” Gəncə şəhər cüdo yarışının təşkilində göstərdiyi dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti Azərbaycan Cüdo Federasiyası və Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.