• Toplum
  • 29 Dekabr 2022 18:03
  •  8 138

Yeni ilə bu üsulla siqaretsiz başlanğıc edin!

Yeni ilə daxil olmağın həyəcan və xoşbəxtliyi ilə bir çox mövzuda yeni qərarlar verilə bilər. Pəhrizə başlamaq və siqareti tərgitmək bu qərarlar arasındadır. Xüsusilə yeni il siqareti atmaq üçün ideal fürsət kimi görünür. Ancaq araşdırmalar göstərir ki, yeni ildə siqareti atmağa çalışanların əksəriyyəti yenidən siqaret çəkməyə başlayır. Onların demək olar ki, hamısının peşəkar dəstək almadığı müşahidə olunur.

Siqaret çəkmək istəyinin öhdəsindən gəlmək üsulları və mütəxəssis həkim tərəfindən motivasiyanın peşəkar şəkildə idarə olunması siqareti tərgitməkdə uğura imza atır.

Aznews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ağciyər xəstəlikləri mütəxəssisi, həkim dosent İlim Irmak siqareti tərgitmə üsulları haqqında məlumat verib:

- Yeni ildə siqareti tərgitmək üçün verilən qərarların effektivliyini elmi araşdırmalar üzə çıxarır. Yeni ildə mütəxəssis köməyi olmadan siqareti atmağa çalışanların 40%-nin kifayət qədər hazırlıqlı olmadığı üçün uğursuzluğa düçar olduğu bəlli olub. Digər səbəblər güclü siqaret istəyi, siqaret çəkməyə təşviq edən amillər və stressdir. İlin əvvəlində siqareti tərgitməyə cəhd edən, lakin buna nail ola bilməyənlərin 80%-i həkimdən kömək almır. Siqareti tərgitmədə müvəffəqiyyət şansını artırmaq üçün insanın özünü adekvat şəkildə hazırlaması və mütəxəssis həkimdən peşəkar dəstək alması vacibdir.

Siqaret çəkməyə qəfil istək, siqareti buraxmamağın ən mühüm səbəblərindən biridir. Siqaret çəkməyə güclü həvəslə mübarizə üsulları, insanın ehtiyac duyduğu motivasiya və mütəxəssis həkimdən lazımi məlumatları alaraq prosesin peşəkar şəkildə idarə edilməsi siqareti tərgitmə uğurunu artırır.

Siqareti atmaq üçün yaşınız vacibdir.

Yeni ilə siqaretsiz başlamaq və ömür boyu çəkilən siqaretlərin ümumi sayını minimuma endirmək, başqa sözlə, siqaretsiz keçirdiyiniz vaxtı ən uzun müddət saxlamaq həyati əhəmiyyət kəsb edir. Siqareti tərgitmə yaşı ilə xəstələnmə və ölüm riskini araşdıran son elmi araşdırmalar göstərir ki, 35 yaşından əvvəl siqaretə əlvida deyənlərin ölüm nisbəti heç vaxt siqaret çəkməyənlərlə eynidir. Bundan əlavə, tədqiqatlar göstərir ki, siqaretsiz yaşam ölüm riskini nə qədər azaldır. Belə ki, 35-45 yaş arasında siqareti atanlarda həyat itkisi riski 90% azalır, 45-65 yaş arasında siqareti tərgidənlərdə isə bu nisbət 66%-dir.

Həmçinin müəyyən edilib ki, siqaret çəkənlərin hər hansı səbəbdən ölüm nisbəti siqaret çəkməyənlərə nisbətən iki dəfə çoxdur. Bundan əlavə, cinsindən, etnik qrupdan və irqindən asılı olmayaraq siqareti tərgitməyin xərçəng, ürək-damar və aşağı tənəffüs yolları xəstəliklərindən ölüm nisbətini 80% azaltdığı müşahidə edilib.

Siqaret istəyini azaltmaq üçün bunları sınayın!

Siqareti tərgitdikdən sonra ilk 2-3 həftədə siqaret çəkmək istəyi intensiv və tez-tez hiss olunur. Bu dövr insanların güclü siqaret istəyi ilə mübarizə aparmaqda ən çox çətinlik çəkdiyi dövrdür. Siqaretə həvəs yarandıqda, həvəs azalana qədər diqqəti yayındırmaq üçün bir neçə kiçik fənd böhranların aradan qaldırılmasında faydalı ola bilər.

- Dərin nəfəs məşqləri edin

- Duş alın

- Televiziya izləmək və ya idman oynamaq kimi maraqlı fəaliyyətlərə vaxt ayırın

- Çiy tərəvəz, meyvə kimi sağlam qəlyanaltılar yeyin

- Saqqız çeynəmək və ya su içmək siqaret böhranını aradan qaldırmağa kömək edir.

Bundan əlavə, siqareti tərgitmək üçün həkim tərəfindən təsdiq edilmiş tibbi müalicələrin tövsiyə edildiyi kimi tətbiqi bu prosesin idarə olunmasını asanlaşdıracaq və müvəffəqiyyət şansını artıracaq.

Nuray

AzNews.az