Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı təklif müzakirə olunmur - RƏSMİ

Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının gələcəkdə pensiya yaşının artırılmasına səbəb olacağı ilə bağlı iddialar yayılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur.

Qeyd edilib ki, ölkədə sosial ödənişlərin, o cümlədən pensiyaların davamlı artımı təmin edilməklə yanaşı, bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hər ay vaxtlı-vaxtında həyata keçirilir:

"Eyni zamanda, Fondun maliyyə dayanıqlılığının təmin edilməsi üçün də məqsədyönlü işlər aparılır.

Sığorta-pensiya sistemində rəqəmsal həllərin geniş tətbiqi ilə şəffaflığın təminatı, DSMF-nin sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi və s. istiqamətlərdə müvafiq addımlar atılır.

Qeyd edilən tədbirlər çərçivəsində pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur", - cavabda bildirilib.

Xatırladaq ki, ötən gün Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil etmiş və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir: "Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır".

AzNews.az